AZ

Klassik musiqi müalicəyə davamlı depressiya xəstələri üçün çox faydalıdır

 

52b23f4fbdfbdd0f1ede5cf815c6ce25.jpg
05.09.2024 12:57

Klassik musiqinin müalicəyə davamlı depressiya xəstələrinin simptomlarını yaxşılaşdıra biləcəyi aşkar edilib.

 

TED.az “The İndependent” nəşrinə istinadla xəbər verir ki, ümumiyyətlə, depressiyanın şiddətindən asılı olaraq terapiya və ya dərman vasitəsilə müalicə olunmağa çalışılır. Ancaq bəzi insanlar müxtəlif müalicələrə cavab vermir və elm dünyası xəstəliyin mahiyyətini daha yaxşı anlayaraq yeni üsullar tapmağa çalışır.

 

“Cell Reports” jurnalında dərc edilən araşdırmanın bir hissəsi olaraq, müalicəyə davamlı depressiyadan əziyyət çəkən 23 xəstə ilə təcrübə aparılıb. İştirakçılar əvvəllər aldıqları müalicəyə görə beyinlərinə elektrodlar yerləşdiriblər. Alimlər bu insanlara klassik musiqi dinlətdirib, elektrodlar vasitəsilə beyinlərindəki dəyişiklikləri izləyiblər. Çində aparılan araşdırmada Qərb klassik musiqisindən iştirakçıların çox da tanış olmadığı əsərlər seçilib. Bunlara Bethoven, Çaykovski, Bax, Motsart və Vivaldinin bəstələri daxildir. Alimlər müşahidə ediblər ki, iştirakçılar musiqi dinləyərkən səs və digər sensor məlumatı emal edən eşitmə qabığı ilə emosiyaları emal edən mükafat dövrəsi arasında qarşılıqlı əlaqə getdikcə daha çox sinxronlaşdırılıb. Bu sinxronizasiya sayəsində depressiya xəstələrinin simptomlarının yaxşılaşdığı qeyd olunub. Musiqidən həzz alan iştirakçılar daha çox inkişaf göstərsələr də, alimlər təəccüblü bir nəticə də tapıblar - Mahnının kədərli və ya şən olması depressiya əlamətlərinə heç bir təsir göstərməyib.

 

Şanxay Jiao Tonq Universitetindən tədqiqatın baş müəllifi Bomin Sun nəticələri belə qiymətləndirir: “Biz belə nəticəyə gəldik ki, dinləmə prosesi zamanı musiqi seçimləri fərdidir və musiqinin emosional fonu ilə heç bir əlaqəsi yoxdur. Tədqiqatın nəticələri ümidverici olsa da, kiçik qrupla aparılması kimi məhdudiyyətlərə malikdir. Bundan əlavə, bütün depressiya xəstələrinin beyinlərində elektrodlar olmadığı üçün bu nəticələrin müxtəlif tədqiqatlarla dəstəklənməsinə ehtiyac var”.

 

Yeni araşdırma aparan komanda musiqi və beyin arasındakı əlaqəni araşdırmağa davam edərək depressiya xəstələri üçün yeni müalicə üsulları hazırlamağı planlaşdırır: “Biz, musiqi terapevtləri, kompüter mütəxəssisləri və mühəndislərlə əməkdaşlıq edərək, smartfon proqramları və geyilə bilən cihazlar kimi musiqi terapiyasına əsaslanan bir sıra rəqəmsal sağlamlıq məhsulları hazırlamağı planlaşdırırıq”, - deyə Bomin Sun əlavə edib.

 

Alimlər ümid edir ki, depressiya xəstələrinin gündəlik həyatı fərdiləşdirilmiş məzmunla daha asan olacaq.

Dünya bölməsindən digər xəbərlər

Daha çox