AZ

BDU-105: Peşəkar IT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

 

33c5ebb824ee6003c8dfee1039cd5373.jpg
06.09.2024 11:40

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsi 1972-ci ildə Ümummilli Lider Heydər Əliyevin göstərişi və şəxsi himayəsi ilə yaradılıb. Fakültə universitetin Mexanika-riyaziyyat fakültəsinin Tətbiqi riyaziyyat, Riyazi fizika tənlikləri və Nəzəri mexanika kafedraları bazasında yaradılıb. 1992-ci ilin sentyabr ayından fakültə Tətbiqi riyaziyyat və kibernetika fakültəsi adlanmağa başlayıb.

 

Universitetdən TED.az-a bildirilib ki, yarandığı ildən başlayaraq fakültədə tətbiqi riyaziyyat, 1991-ci ildən isə iqtisadi kibernetika ixtisasları üzrə kadrlar hazırlanıb. Fakültədə 2009-cu ildən kompüter elmləri və informatika müəllimliyi, 2021-ci ildən isə informasiya təhlükəsizliyi ixtisasları üzrə kadrlar hazırlanır.

 

Fakültəyə dosent Mustafa Vəliyev (1972-1988), akademik Mirabbas Qasımov (1989), professor Rizvan Paşayev (1989-1999, 2005-2007), AMEA-nın həqiqi üzvü, professor Yusif Məmmədov (2000-2004), AMEA-nın həqiqi üzvü, professor Məhəmməd Mehdiyev (2008-2024) rəhbərlik edib. Onların hər birinin fakültənin inkişafında əvəzsiz xidmətləri olub. Hazırda fakültənin dekanı professor Ələkbər Əliyevdir.

 

Akademiklər Məcid Rəsulov, Mirabbas Qasımov, Cəlal Allahverdiyev, professorlar Niyaz Məmmədov, Rzabala Fərəcov, Tamilla Nəsirova, Rizvan Paşayev, dosent Ramin Mahmudzadə və digərləri fakültədə tədrisin və elmin inkişafı üçün müstəsna xidmət göstəriblər. Fakültənin məzunları hazırda respublikanın müxtəlif elm və təhsil ocaqlarında, o cümlədən dünyanın müxtəlif ölkələrində çalışırlar. Onların arasında İngiltərədə Elnur Seyidovu, Aqil Əliyevi, İsmayıl Əliyevi, Turan Məmmədovu, Danimarkada Aslan Əsgərovu, İrlandiyada Xalid Həsənovu, Kanadada Adil Əliyevi, Almaniyada Murad Talıbovu, Niderlandda Aydın Kazımovu, İspaniyada Nurlan Sofiyevi və digərlərini misal göstərmək olar.

 

Ölkə iqtisadiyyatının ən müxtəlif istiqamətlərində, tətbiqi və fundamental riyazi tədqiqatlar, informasiya texnologiyaları sahələrində çalışan məzunlar haqqında mütəmadi olaraq fakültəyə xoş rəylər, təşəkkür məktubları daxil olur. Fakültənin elmlər doktoru və elmlər namizədi alimlik dərəcələri almış məzunları çoxdur. Onlar arasında yüksək elmi vəzifələr, hətta yüksək dövlət vəzifələri tutan məzunlar da var. Bu sıradan AMEA-nın müxbir üzvü, professor Əyyub Quliyevi, professorlar Əli Nağıyevi, Asəf Zamanovu, Uğur Abdullayevi, Qərib Mürşüdovu, Aslan Əsgərovu, Bilal Bilalovu, Qabil Yaqubovu və başqalarını qeyd etmək olar.

 

Tətbiqi riyaziyyat və kibernetika fakültəsində Tətbiqi riyaziyyat, Riyazi fizika tənlikləri, Optimallaşdırma və idarəetmə, Riyazi kibernetika, Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi, İnformasiya texnologiyaları və proqramlaşdırma, İnformatika, İqtisadi kibernetika və Tətbiqi analizin riyazi üsulları kafedraları fəaliyyət göstərir. Fakültədə 17 professor və elmlər doktoru (onlardan ikisi AMEA-nın həqiqi üzvü), 54 dosent və elmlər namizədi çalışır.

 

Son beş il ərzində fakültənin professor-müəllim heyəti və elmi işçilər tərəfindən 40 kitab, 418 elmi məqalə (xarici nəşrlərdə 215 məqalə) nəşr olunub.

 

Fakültədə elmi-pedaqoji kadrların hazırlanmasına xüsusi diqqət yetirilir. Bakalavriat səviyyəsində 3 ixtisas (kompüter elmləri, informatika müəllimliyi və informasiya təhlükəsizliyi) üzrə 1741 tələbə, magistratura səviyyəsində 19 ixtisaslaşma üzrə 280 magistrant, doktorantura səviyyəsində (fəlsəfə doktoru, elmlər doktoru proqramları üzrə) 7 doktorant olmaqla cəmi 2028 nəfər təhsil alır.

 

Tətbiqi riyaziyyat və kibernetika fakültəsində müntəzəm olaraq elmi seminarlar keçirilir. Bu seminarlarda yalnız fakültə əməkdaşları deyil, digər fakültə və elmi-tədqiqat müəssisələrinin əməkdaşları da iştirak edirlər.

 

Fakültədə müasir kompüterlərlə təchiz olunmuş Azərbaycan-Koreya İnformasiya Mərkəzi tələbələrin və elmi-tədqiqatçıların istifadəsinə verilib ki, bu da kadrların hazırlanmasında əhəmiyyətli rol oynayır.

 

Hazırda dünyada informasiya-kommunikasiya texnologiyaları hər bir dövlətin, xalqın inkişaf səviyyəsini, intellektual potensialını qiymətləndirməyə imkan verən, sosial, iqtisadi və mədəni yüksəlişini təmin edən mühüm göstəricilərdən biridir. Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı və çevik tətbiqi nəticəsində cəmiyyətin bütün sahələrində köklü dəyişikliklər baş verir. Kompüter elmləri və texnologiyalarının sürətli inkişafı bir çox problemlərin və mürəkkəb praktiki məsələlərin həllinin aktuallaşmasına gətirib çıxarır. Bunların arasında istifadəçilərin ehtiyaclarına yönəlmiş müasir tətbiqi və sistem proqram təminatının, veb-dizaynın, elektron ticarət sistemlərinin, böyük məlumat bazalarının, süni intellekt sistemlərinin, kompüter qrafikasının, hesablama buludlarının, informasiyanın təhlükəsizliyinin təmin olunması sistemlərinin yaradılmasını qeyd etmək olar. Göstərilən problemlərin həlli üçün Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kompüter elmləri ixtisasının məzunlarına ehtiyac duyulur.

 

Bu ixtisasın aktuallığını nəzərə alaraq, İsrailin Holon Texnologiya İnstitutu və Bakı Dövlət Universiteti arasında kompüter elmləri ixtisası üzrə bakalavriat səviyyəsində ikili diplom layihəsi çərçivəsində memorandum imzalanıb. Layihənin əsas məqsədi kompüter elmləri ixtisası üzrə əmək bazarının tələblərinə uyğun ixtisaslı mütəxəssislərin hazırlanmasıdır.

 

Bu gün əmək bazarının əsas tələblərindən biri kompüter elmləri və texnologiyalarının fundamental və xüsusi tətbiqi metodlarından istifadə edərək öz peşə fəaliyyətlərində praktik problemləri effektiv həll etmək imkanına malik olan yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasından ibarətdir. Tətbiqi riyaziyyat və kibernetika fakültəsi kompüter elmləri sahəsində hərtərəfli riyazi biliyə, alqoritmik düşüncəyə sahib, effektiv alqoritmlərin qurulması və təhlilinin müasir metodlarını, texnologiyalarını bilən və onları real sənaye məsələlərində tətbiq etmək bacarığına malik olan peşəkar mütəxəssislər hazırlayır.

 

BDU Avropa İttifaqının maliyyələşdirdiyi və İsveçin Linköping Universiteti, Böyük Britaniyanın Derbi Universiteti, Estoniyanın Tallin Universiteti və Portuqaliyanın Tomar Universiteti, həmçinin Rusiya Federasiyasının Həştərxan Universiteti, Voronej Universiteti, Cənubi Federal Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Mühəndislik Universiteti tərəfindən birgə icra olunan “MAGNUS – Partnyor universitetlərdə mobil tətbiqlər və kompüter oyunları üzrə magistr tədris proqramlarının yaradılması” adlı “Erasmus+ KA2” layihəsinə tərəfdaş universitet kimi qatılıb. Həmin layihənin məqsədi tərəfdaş universitetlərdə magistratura səviyyəsində “Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı” adlı yeni ixtisaslaşmanın açılması və bu sahədə kadr hazırlığıdır. Bu məqsədlə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin əməkdaşları Avropa İttifaqının beynəlxalq “MAGNUS” layihəsində iştirak ediblər.

 

Hər il Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilən “Tətbiqi riyaziyyatın müasir problemləri“ mövzusunda gənc tədqiqatçılar və magistrantların elmi konfransı keçirilir. Belə konfranslar tətbiqi riyaziyyat və informasiya texnologiyalarının bir çox aktual problemləri üzrə fikir və bilik mübadiləsi üçün geniş platforma yaradır. Konfransa təqdim olunan elmi işlər əsasən dərin öyrənmə və maşın öyrənməsi alqoritmlərinin effektivliyinin artırılmasına, süni intellekt metodlarının tətbiq sahələrinə, informasiya təhlükəsizliyinin qorunması üsullarına, mobil tətbiqlərin yaradılmasına, kompüter şəbəkələrinin texniki və proqram təminatına və informasiya texnologiyalarının digər aktual sahələrinə həsr edilir.

 

BDU-nun 105 illik yubileyi günlərində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi müvafiq sahələrdə yüksəkixtisaslı mütəxəssislər yetişdirmək, elmi tədqiqatlar aparmaq və cəmiyyətin inkişafına töhfə vermək missiyası daşıyır. Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məqsədi regionda və dünya miqyasında tanınan, qabaqcıl elmi araşdırmalar və yenilikçi tədris proqramları ilə fərqlənən lider bir təhsil mərkəzi olmaqdır. Fakültə təhsil və elmi araşdırmalarda yüksək keyfiyyət standartlarını qorumaq, texnoloji yeniliklərə açıq olmaq, onları tədris və tədqiqatlarda tətbiq etmək, yerli və beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmək üçün daim çalışır. Elmi tədqiqatların nəticələrini tədris prosesinə daxil etmək, tələbələri əmək bazarına hazırlamaq üçün praktiki bacarıqları inkişaf etdirmək, yaradıcılıq və innovasiyanı təşviq edən təhsil mühiti yaratmaq əsas hədəflərdəndir. Bu prinsip və dəyərlər əsasında fakültənin inkişafına və tələbələrin uğuruna töhfə vermək mümkündür.

 

 

Dünya bölməsindən digər xəbərlər

Daha çox