AZ

Fərid Pərdəşünas: Jurnalistlər texnologiyanın inkişafından bəhrələnərək, daha güclü media mühiti yarada bilərlər 

deb173c3258670cfb74a4ecf1809afc2.jpg
11.10.2024 15:40

Texnologiya ilə bağlı yeni tendensiyaların inkişafı Azərbaycanda jurnalistikanın gələcəyinə müsbət təsir göstərir. Jurnalistlər bu sahədə yaranan yeniliklərdən bəhrələnərək, daha güclü və interaktiv media mühiti yarada bilərlər.

 

TED.az xəbər verir ki, bu fikri Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Pərdəşünas oktyabrın 11-də Bakı Biznes Mərkəzində “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda keçirilən konfransda bildirib.

 

Onun sözlərinə görə, son illərdə texnologiyanın sürətli inkişafı, jurnalistikaya əhəmiyyətli dərəcədə təsir göstərib. Texnologiyanın təsiri ilə ənənəvi jurnalistikanın rolu dəyişib və yeni mediaya keçid baş verib. Bu tendensiyalar, xüsusilə gənclər arasında geniş marağa səbəb olub. Gənc jurnalistlər texnologiyanın təqdim etdiyi imkanlardan faydalanaraq, daha interaktiv və müasir üslublu məzmun yaradırlar. Belə ki, sosial media platformalarının, mobil tətbiqlərin və video məzmun yaradıcılarının artması ənənəvi jurnalistikaya yeni rəqabət mühiti gətirir.

 

Ölkəmizdə jurnalistikanın tərcümə sahəsi ilə bağlı da yeni meyillərin müşahidə olunduğunu vurğulayan Fərid Pərdəşünas deyib: “Ənənəvi tərcümə jurnalları və çap nəşrləri artıq tamamilə sıradan çıxmaqdadır. Texnologiya inkişaf edir. İndi tərcümə proqramları, süni intellekt vasitəsilə avtomatik tərcümə xidmətləri daha çox istifadə olunur. Bu proses bir tərəfdən tərcümə işinin sürətini artırsa da, digər tərəfdən tərcüməçilərin işlərini təhdid edir”.

 

“Azərbaycan jurnalistikası texnologiyaların sürətlə inkişaf etməsinə baxmayaraq, hələ də müəyyən problemlərlə üz-üzədir. Texnologiyanın sürətli yayılması jurnalistlərin peşəkar inkişafı üçün zəruri olan etik qaydalar və məsuliyyət məsələlərini gündəmə gətirir. Gələcəkdə bu problemlərin həll edilməsi üçün beynəlxalq təcrübədən faydalanmaq və Azərbaycan jurnalistikasını qlobal səviyyədə inkişaf etdirmək vacibdir. Texnologiyanın yeni imkanlarından istifadə etməklə jurnalistikanın daha böyük auditoriyalara çıxış əldə etməsi və daha güclü mövqeyə sahib olması mümkündür”, - deyə Fərid Pərdəşünas əlavə edib.

TED + bölməsindən digər xəbərlər

Daha çox