AZ

Azərbaycanda "Rəqəmsal Əkiz" proqramı işə salınacaq

c478e50bfe8950cd63f9a435153e6e54.jpg
17.10.2024 10:57

Azərbaycanda "Rəqəmsal Əkiz" proqramının işə salınması planlaşdırılır.

 

TED.az xəbər verir ki, bu barədə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov ADA Universitetində təşkil olunan Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu zamanı bildirib.

 

O qeyd edib ki, 2045-ci ilə qədər Azərbaycan iqtisadiyyatının artımını sürətləndirmək üçün süni intellektin imkanlarından istifadə edilməsi planlaşdırılır.

 

"Biz 2045-ci ilə qədər Azərbaycanın iqtisadi inkişafını sürətləndirmək üçün süni intellektin potensialından istifadə etmək istəyirik. Beynəlxalq təşkilatların və şirkətlərin qiymətləndirmələrinə əsasən, ölkə iqtisadiyyatı süni intellektin tətbiqi nəticəsində 4,4 milyard dollar qazana bilər", - o qeyd edib.

 

Onun sözlərinə görə, Azərbaycanda böyük həcmdə məlumat yaradacaq "Rəqəmsal Əkiz" proqramının işə salınması planlaşdırılır. Bu məlumatlar hökumətə, cəmiyyətə və biznesə məlumatlara əsaslanan yanaşma ilə daha effektiv qərarlar qəbul etməyə imkan verəcək.

 

Fariz Cəfərov əlavə edib ki, rəqəmsal transformasiyadan keçən 650 müəssisə üçün xüsusi dəstək proqramı da həyata keçiriləcək.

 

Qeyd edək ki, ilk dəfə Azərbaycanda təşkil olunan bu forumda dünyanın 8 ölkəsindən aparıcı universitetlərin professorları iştirak edirlər.

 

Tədbirdə maşın öyrənməsi, süni intellekt və data elmləri sahəsində yenilikçi ideyaların müzakirəsi planlaşdırılır.

 

Tədbir dünyanın bir çox aparıcı alimlərini, süni intellekt nəzəriyyəsi, yeni metodların inkişafı, tibbi, kibertəhlükəsizlik, idman və kənd təsərrüfatı kimi sahələrdə data elmləri tətbiqləri üzrə ixtisaslaşan mütəxəssisləri bir araya gətirəcək.

 

Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu 2024-cü il oktyabrın 17-dən 19-dək keçirilir.

TED + bölməsindən digər xəbərlər

Daha çox