Milli Depozit Mərkəzi səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi və elektron səsvermə sistemini istifadəyə verib
Milli Depozit Mərkəzi tərəfindən (MDM) ölkədə ilk dəfə olaraq səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi və elektron səsvermə sistemi (E-vote) istifadəyə verilib.
Mərkəzdən TED.az-a bildiriblər ki, səhmdarların ümumi yığıncaqlarının təşkili çərçivəsində yığıncağın keçirilmə günü, yeri və gündəlikdəki materiallarla tanışlıq qaydası barədə məlumatlar MDM tərəfindən yaradılan İnvestor Portalında elektron formada yerləşdirilib. Səhmdarlar (invp.e-mdm.gov.az/) şəxsi kabinetlərinə daxil olaraq ümumi yığıncağın gündəliyi və gündəlikdəki məsələlərlə tanış olub elektron səsvermə imkanından istifadə edə bilərlər.
MDM tərəfindən yaradılan bu yeni xidmət yığıncaqların məsafədən təşkilinə, bildirişlərin və gündəlikdəki məsələlərlə bağlı məlumatların operativ, vaxtında səhmdarlara çatdırılmasına imkan verir. İstənilən səbəbdən (məsafə, vaxt və fors-major hallar) iclasda fiziki iştirak edə bilməyən səhmdarlar bu platforma vasitəsilə hüquqlarını qoruyaraq elektron səsvermədə iştirak edə bilərlər. Yeni xidmət kağız daşıyıcılarından istifadənin minimuma endirilməsi, səhmdar hüquqlarının qorunması və müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır.
İlk dəfə olaraq bu xidmətdən ABB istifadə edib. ABB səhmdarları dekabrın 13-dək şəxsi kabinetlərindəki “Səhmdarların Ümumi Yığıncağı” bölməsinə daxil olaraq gündəlikdəki məsələlərlə tanış olub, səsverməni elektron qaydada səsvermədə iştirak edə bilərlər.
Bu xidmət MDM tərəfindən “2024-2026-cı illər üzrə inkişaf Strategiyası”na uyğun olaraq həyata keçirilir.