Bu il ərzində akkreditasiyadan keçmiş, eləcə də təkrar qiymətləndirilməsi aparılmış ali məktəblərin siyahısı açıqlanıb
2024-cü il üzrə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən 11 ali təhsil müəssisəsində institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.
TED.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov dekabrın 25-də keçirilən brifinqdə deyib. O bildirib ki, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU), Bakı Biznes Universiteti (BBU), Qərbi Kaspi Universiteti (QKU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Gəncə Dövlət Universiteti (GDU), Naxçıvan Dövlət Universiteti (NDU), Azərbaycan İdman Akademiyası (AİA), Bakı Slavyan Universitetində (BSU), institusional akkreditasiya qiymətləndirilməsinin, Sumqayıt Dövlət Universiteti (SDU), Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı (UNEC Zaqatala filialı) və Bakı Dövlət Universitetinin Qazax filialında (BDU Qazax filialı) isə təkrar institusional akkreditasiya qiymətləndirilməsinin sahə baxışları baş tutub:
“Sözügedən ali təhsil müəssisələrindən ATMU, BBU, QKU, ADNSU 2024/2025-ci tədris ilindən başlayaraq, növbəti 5 il müddətinə institusional akkreditasiyadan keçməsinə və GDU-nun qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti 2 il üçün uzadılması, həmçinin 1 ildən sonra təkrar akkreditasiya olunmasına dair qərar qəbul olunub.
Cari ilin ikinci yarısında isə NDU, AİA, BSU, SDU, ADİU Zaqatala filialı, BDU Qazax filialında həyata keçirilən institusional akkreditasiya üzrə yekun hesabatlar müvafiq Akkreditasiya komissiyaları tərəfindən hazırlanır və növbəti aylarda Akkreditasiya Şurasının iclasına çıxarılması gözlənilir”.