“ASAN xidmət” modeli Malayziyada tanıdılıb
Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü ilə Malayziyanın Anti-Korrupsiya Komissiyasının nəzdində fəaliyyət göstərən Anti-Korrupsiya Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələrinin iştirakı ilə “ASAN xidmət” modelinin tanıdılması məqsədilə virtual formatda görüş keçirilib.
Səfirlikdən TED.az-a bildirilib ki, görüşdə Dövlət Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin nümayəndələri “ASAN xidmət” təcrübəsinə dair geniş təqdimat ediblər. Təqdimatda Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, korrupsiyaya qarşı mübarizə, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Həmçinin Agentlik tərəfindən “ASAN xidmət” təcrübəsi əsasında bir sıra ölkələrdə dövlət qulluqçuları üçün qabaqcıl idarəetmə və dövlət xidmətlərinin göstərilməsi üzrə təlimlərin təşkil olunduğu diqqətə çatdırılıb və bu sahədə Malayziyadan olan tərəfdaşlarla da təcrübə mübadiləsinin həyata keçirilə biləcəyi vurğulanıb.
Görüş çərçivəsində Malayziya Anti-Korrupsiya Akademiyasının direktor müavini Mohd Saud Ayutollah bin Abdul Manan və akademiyanın Beynəlxalq Tədqiqatlar Mərkəzinin rəhbəri Sac Vestmoreland Anak Ajom “ASAN xidmət” modelinin onlarda yüksək təəssürat yaratdığını və müvafiq konsepsiya barədə aidiyyəti üzrə məlumat verəcəklərini bildiriblər. Görüş zamanı qurumlar arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.