Maya Sandu: Moldova hakimiyyəti “TikTok”da dezinformasiya ilə mübarizə üçün daha sərt tədbirlər görməyi nəzərdən keçirir
Moldovada “TikTok” sosial şəbəkəsində dezinformasiyaya qarşı mübarizə gücləndirilir.
TED.az xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu ölkə vətəndaşları ilə videomüsahibəsində bildirib.
Maya Sandu Moldova hakimiyyətinin sosial şəbəkələrdə, o cümlədən “TikTok”da dezinformasiya ilə mübarizə üçün daha sərt tədbirlər görməyi nəzərdən keçirdiyini bildirib. Sandu deyib ki, Rumıniyada prezident seçkiləri zamanı baş verən insidentlərdən sonra növbəti seçkilərə qədər buna uyğun hərəkət etmək üçün Avropa İttifaqından tövsiyələr gözlənilir.
Enerji böhranından da danışan Prezident bildirib ki, hakimiyyət Avropa liderləri ilə birlikdə bununla bağlı plan hazırlayıb: "Bəli, bizim planımız var. Avropa İttifaqı ilə birlikdə ilk 10 gün üçün yardım planı hazırlamışıq. Bu 10 gündən sonra ilin sonuna qədər plan təklif edəcəyik. Hazırda bu, birinci plandır. Ümid edirik ki, sağlam düşüncə qalib gələcək və biz Dnestryanı bölgənin sakinlərinə kömək edə biləcəyik”.
Maya Sandu növbəti prezidentlik dövründə əsas prioritetlərini də açıqlayıb: “Mənim bu mandatda prioritetlərim cəmiyyətdə sülh və əmin-amanlığın qorunması, Moldovanın maraqlarının beynəlxalq səviyyədə təşviq edilməsidir. Eyni zamanda, insanların rifahının yaxşılaşdırılması üçün investisiyaların, resursların cəlb edilməsi və ən əsası, ölkənin təhlükəsizliyinin, Avropaya inteqrasiyasının təmin edilməsidir”.