AZ

XXI əsrin ən böyük ammonium nitrat partlayışları - ARAŞDIRMA 

 

f9ef39d4004efa0f876aaab22256a309.jpg
06.08.2020 16:05

"Hiroşima və Naqasakinin atom bombardmanı – bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu ilk və yeganə nümunədir", — tarix kitablarında, həmçinin şəbəkə portallarında Hiroşima və Naqasakinin atom bombardmanı haqqında yazılan ilk cümlədir. Bu cümlədəki "ilk" və "yeganə" sözləri xüsusilə vurğulanıb. İkinci Dünya müharibəsinin sonlarında ABŞ Silahlı Qüvvələri tərəfindən Yaponiyanın kapitulyasiyasını sürətləndirmək məqsədilə həyata keçirilən bombardman fəlakəti yeganədirmi? Faktiki tərəfdən yanaşsaq, bəli, bu, dünya tarixində yeganə atom bombardmanıdır. Amma həmin fəlakətlə müqayisə ediləcək bir çox hadisələr baş verib.


Məlum olduğu kimi, avqustun 4-də Beyrut şəhərinin (Livan) dəniz limanında güclü partlayış baş verib. 150-yə yaxın ölən, minlərlə yaralı, onlarla itkin düşən var. Limanın yaxınlığında yerləşən bir neçə binanın fasadı uçub, yaşayış evləri və iaşə obyektləri zədələnib. 

 

Yerli hakimiyyət orqanlarının məlumatına görə, partlayışa səbəb gömrük xidmətləri tərəfindən 2013-cü ildə müsadirə olunmuş və anbarda saxlanılmış 2,7 min ton ammonium nitratın detonasiyası olub. 


TED.az olaraq 2000-ci ildən bəri ammonium nitratın ən böyük partlayışlarının xronologiyasını hazırlamışıq:


Ammonium nitrat azot turşusunun ammonium duzudur. Ammonium nitrat mineral gübrədir, həmçinin partlayıcı maddələrin komponenti kimi istifadə olunur.


XXI əsrdə sözügedən kimyəvi maddə bir çox ölkədə dəhşətli gücünü göstərib.


Fransa

 

 

21 sentyabr 2001-ci ildə Tuluza şəhərində (Fransa) "Grande Paroisse" şirkətinin "azote Fertilisant" (AZF) gübrə zavodunda 300 ton ammiak selitrası (ammonium nitrat) ilə dolu anbar partayıb. Partlayış 3-4 dərəcəli zəlzələ ilə müqayisə edilən torpaq silkələnməsinə yol açıb. Episentrdən 700 metr radiusda bütün binalar tamamilə məhv olub. 


Nəticədə 10 mindən çox adam yaralanıb, 21-i zavod işçisi olmaqla 31 nəfər həlak olub. Xəsarət alanların və müvəqqəti mənzildən məhrum olanların ümumi sayı 85 min nəfəri ötüb. Bu iş üzrə istintaq təxminən səkkiz il davam edib. Müstəntiqlər, fəlakətin müəssisənin anbarında kimyəvi maddələrin diqqətsiz saxlanılması nəticəsində meydana gəldiyi qənaətinə gəliblər. 2012-ci ildə Tuluza Apellyasiya Məhkəməsi AZF zavodunun keçmiş direktoru Serj Bieşleni qərəzsiz ölümə səbəb olma və obyektlərin qərəzsiz dağıdılması ilə bağlı təqsirli bilib və üç il müddətinə azadlıqdan məhrum edilib. "Grande Paroisse" şirkəti 225 min avro məbləğində cərimə edilib. 2015-ci ildə kassasiya məhkəməsi Bieşlen haqqında verilən hökmün düzgün olmadığını elan edib, onu ləğv etməyi qərara alıb.


Şimali Koreya 

 


22 aprel 2004-cü ildə Rönçxon (Şimali KXDR) şəhərində dəmir yolu stansiyasında 2,6 min volt gərginlikli elektrik kabel qırılaraq ammonium nitrat ilə dolu yük vaqonuna düşüb. Nəticədə partlayış baş verib, daha sonra isə yanan vaqonun yanında olan selitra və benzinlə dolu 4 vaqon partlayıb.

Güclü partlayış 161 insanın, o cümlədən, 76 uşağın ölümünə, 1300 nəfərdən çox insanın yaralanmasına səbəb olub. Vağzala bitişik olan şəhərin bir hissəsi dağılıb. 2004-cü ilin sonuna Rönçxonda 5 mindən çox yaşayış evi və digər tikintilər bərpa olunub.


Rumıniya 

 


24 may 2004-cü ildə Mixayleşti şəhərində (Buxarestdən 70 km məsafədə yerləşən şəhər, Rumıniya) ammonium nitrat ilə dolu yük maşınının partladılması nəticəsində 18 nəfər həlak olub, 13 nəfər isə yaralanıb. Partlayış bir neçə yanğınsöndürən və televiziya çəkiliş qrupunun gəldiyi anda baş verib.


Həlak olanlar arasında yeddi yanğınsöndürən, iki jurnalist və iki polis əməkdaşı olub. Fövqaladə hadisə yerində 6,5 m dərinliyi olan krater meydana gəlib, təxminən 20 yaşayış evi zədələnib.


ABŞ

 

 

17 aprel 2013-cü ildə ABŞ-ın Texas ştatının Uest şəhərində "West Fertilizer" mineral gübrələr zavodunda yanğın baş verib. Çağırışla gələn yanğınsöndürənlər alışmanı söndürərkən 60 ton ammonium nitrat maddəsi partlayıb. Zərbə dalğası nəticəsində 150 bina, o cümlədən, məktəb, qocalar evi və çoxmərtəbəli yaşayış binası məhv olub. Fövqəladə hadisə nəticəsində 160 nəfərə yaxın insan yaralanıb, 15 nəfər isə (əksəriyyəti yanğın və tibb işçiləri olmaqla) həlak olub.


Sığorta şirkətlərinin qiymətləndirmələrinə görə, partlayış nəticəsində dəyən ziyanın miqdarı 230 milyon ABŞ dollarıdır. 11 may 2016-cı il tarixində Tütün Məmulatının, Odlu Silahın və Partlayıcı Maddələrin Dövriyyəsinin Tənzimlənməsi üzrə Büronun nümayəndəsi jurnalistlərə bildirib ki, zavodda baş verən partlayışın səbəbi qəsdən törədilmiş yanğın olub. 


Çin 

 

 

12 avqust 2015-ci ildə Tianjin şəhərində (şimali Çin) "Ruihai" logistika şirkətinin anbarında alışma nəticəsində trotil ekvivalentində 3 və 21 t. gücündə iki partlayış baş verib, ondan sonra isə müvafiq olaraq güclü yanğın başlayıb. Nəticədə  797 nəfər yaralanıb, 8 nəfər itkin düşüb, 173 nəfər isə həlak olub. Partlayış dalğası onlarla kilometr məsafədə hiss olunub. 300-dən artıq bina, təxminən, 12,5 min avtomobil, 7,5 min yük konteyneri məhv edilib və ya zədələnib.


İstintaq Komissiyasının məruzəsinə əsasən, müəssisədə qeyri-qanuni şəkildə saxlanılan partlayıcı kimyəvi maddələrin partladılmaya səbəb olub (yanğın nəmləndirici reagentin isti hava şəraitindən buxarlanma nəticəsində nitrosellülozanın özünümüdafiə nəticəsində başlayıb və kimyəvi maddələrə, o cümlədən, ammonium nitrata yayılıb). Partlamanın zərəri 6,87 milyard yuan (təxminən 1,1 milyard ABŞ dolları) miqdarında qiymətləndirilib. 9 noyabr 2016-cı il tarixində Tianjin Bələdiyyə məhkəmələri bir sıra partlayışlar haqqında 49 nəfər məmur və müəssisə rəhbərlərini müxtəlif müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.


 

Fatimə ZÜLFİQAR

TED + bölməsindən digər xəbərlər

Daha çox