AZ

Övladımı hələ qucaqlaya bilməmişəm, qolumu kəsmə - Müharibə dövrü sosial şəbəkələrdə

849fe5de1708aa4f8e679dc654e5516c.jpg
22.12.2020 23:45

TED.az "Müharibə dövrü sosial şəbəkələrdə" rubrikasında Vətən müharibəsi ilə bağlı maraqlı paylaşımlardan bir neçəsini təqdim edir: 


Elgün Gəncimsoy 


Bir fotonun tarixi...


 

Cəbhənin Tərtər istiqamətində qızğın döyüşlər davam edirdi. Düşmənin xüsusilə bu istiqamətdə yaratdığı beton istehkam qurğularını yarmaq üçün hər qarıca qan tökmək lazım idi. Ancaq müzəffər Azərbaycan Ordusu qanı bahasına düşmənin müdafiə səddini yararaq tapşırılan bir neçə yüksəkliyi azad etmişdi. İgid əsgər Talış kəndinə və Suqovuşan yolan dərinlikdən nəzarət Ağuçuq yüksəkliyinə çıxıb. Həmçinin dəniz səviyyəsindən min üç yüz metrdən artıq yüksəklikdə yerləşən zirvəsini azad etməlidir ki, Ağuçuq zirvəsinə olunan əks həmlələr səngisin və əlaqə yolları vurulmasın. Bölmələr hərəkətə başlayır. Onları atəş altında saxlayan düşmənin 82 mm-lik minaatan batareyası məhv edilir, yol boyu geri çəkilən işğalçı ordunun canlı qüvvəsi vurulur. Sözügedən əraziyə "Qaranlıq meşə" deyirlər. Buranın təmizlənməsi barədə general-mayor Hikmət Həsənova məruzə olunur. Komandir şəxsi heyəti strateji yüksəkliyi azad etməsi münasibəti ilə təbrik edir.


Meşə o qədər qalındır ki, burada müşahidə iyirmi metrdən artıq deyil. Düşmənin 022 saylı xüsusi təyinatlı hərbi hissəsinin qəfil basqını baş verir. Yaxın məsafədə başlayan açıq döyüşdə yüksəkliyə çıxarılan bir tankımız sıradan çıxır. Ancaq ağır döyüşdə şəxsi heyət itkisi olmur. Polkovnik-leytenant (ŞƏHİD) Əfqan Əbdürəhmanov, polkovnik-leytenant (ŞƏHİD) Soltan Məmmədov və Mayor Bəhruz Qələmiyev oradakı qüvvəni yenidən cəmləyərək müdafiə mövqeyi qurur. Bir neçə saat ərzində düşmənin üç əks həmləsinin qarşısını alır. Bir saatandan artıq olar ki, ərazidə tam sakitlikdir.


Həmlə taborunun şəxsi heyəti və yuxarıda adları çəkilən zabitlər növbəli şəkildə istirahət edirlər. Qəflətən hərbi texnika səsi eşidilir. Texnikaya qarşı döyüşməyə sursat demək olar ki tükənib. Təminat isə yoldadır. Mövqelərin qarşısında düşmənin PDM-2-si peyda olur. İgid döyüşçülərimiz nə edəcəyini bilmirlər PDM isə durmadan atəş açır. Ümidlərin puç olduğu, hər kəsin Şəhid olmağa hazırlaşdığı zaman mövqedən çıxıb geri qaçan əsgər diqqət çəkir. Hamı onun döyüşdən qaçdığını zənn edir. Lakin o aralıda olan BTR-ə minərək onu işə salıb tam sürətlə düşmənin zirehli döyüş texnikasına tərəf sürür. Ermənin PDM-2 heyəti nəyin baş verəcəyini anlayana qədər əsgərimiz idarə etdiyi BTR-i bizə atəş açan döyüş texnikasının üstünə mindirib onun qülləsinin hərəkəti məhdudlaşdırır. Bundan sonra Əfqan Əbdürəhmanov, Soltan Məmmədov mövqelərindən çıxaraq düşmən PDM-nə tərəf qaçaraq onun "lyuk"una əl qumbarası ataraq heyəti və içərisində olan altı nəfər düşmən desantını məhv edir. 

 

Partlayış nəticəsində baş verən yanğından BTR-i xilas etmək olmur. Cünki toqquşma nəticəsində döyüş maşınımızda nasazlıq yaranmışdı.


Beləliklə, şəkildə gördüyünüz bu mənzərə yaranır.


Xeyli sayda canlı qüvvəmizin həyatını xilas edən BTR-i idarə edən 23 yaşlı Nəriman Atakişiyev isə hospitalda aldığı müalicədən sonra həyatı təhlükəni atlatmağı bacarıb.


Haldun Novruzzadə 


Təcili yardım avtomobili sürücüsü Fəxrəddin əminin nəşini bu gün meyit dəyişimində ermənilər Azərbaycan tərəfə təhvil verib.


Fəxrəddin əmi təcili yardım maşını ilə ən təhlükəli yerlərdən yaralı çıxardıb. İndi özü vətən uğrunda Şəhid oldu.


Mirsaleh Abdullayev 


Əsgərlərimizdən birinin sağ qoluna güllə dəymişdi. Qolun amputasiya ehtimalını nəzərdən keçirirdik. Dedi ki, mən hərbidə olanda övladım dünyaya gəlib. Onu hələ qucaqlaya bilməmişəm. Qolumu kəsmə.


Orxan Fikrətoğlu


Əzizə Mustafazadə Xudavəng alban kilsəsinin içində bütün dünyaya yayımlanan konsert verməlidir. İfa zamanı azad olunmuş torpaqlar və xarabaya çevrilmiş mədəni abidələr vizual xətdə nümayiş olunmalıdır. Dünyanın siyasi dili budur. Özüm deyib, özüm eşidim dövrü keçdi. 


Məğrur Əli Polad 


10-15 gün olar. Səhhətimlə əlaqədar olaraq, ön xətdəki mövqeyimizdən geri - Beyləqan şəhərinə düşmüşdüm. Bakıya - Mərkəzi hospitala göndəriləcəyimi öyrəndikdən sonra bir hərbçi yoldaşımın vasitəsilə əsgərlərimə, döyüş qardaşlarıma orada daha çox ehtiyac duyulan siqaret, birdəfəlik üzqırxan və müəyyən dərmanlar alıb göndərmək qərarına gəldim. Cibimdəki pula uyğun siyahı tutdum. Tam təsadüfən rayon mərkəzindəki "Rahil aptek"ə girdim. Hərbi geyimdə idim. Görünür, aptekin işçisi (sonra bildim ki, müdiri imiş) eyni sayda və oxşar dərmanların (soyuqdəymə, öskürək, boğaz ağrısı) adlarını sadalamağımdan, işin nə yerdə olduğunu başa düşmüşdü. Belə ki, axırda dərmanların pulunu götürmədi. Çox təkid etsəm də, xeyri olmadı. Çox sağ olsun!


Məlumat üçün deyim ki, Bakıda müayinələrdən və müalicədən sonra mənə verilmiş məzuniyyət başa çatır. Yeri gəlmişkən, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəhbərliyinə və Mərkəzi Hərbi Poliklinikanın həkimlərinə bu müddətdə göstərdikləri mütəmadi diqqət və qayğıya görə dərin minnətdarlığımı bildirirəm. Yaxın günlərdə geri, döyüş qardaşlarımın yanına qayıdacağam. Əlbəttə ki, yenə əlidolu. 


İlqar Əlfioğlu 


İndi həmin günləri xatırlayanda görürəm ki, bu üçdə bir əsr ərzində erməni cəmiyyəti sözün həqiqi mənasında tam vəhşiləşib.


Məncə, o zaman insanlıq meyarlarına az-çox cavab verənlər hələ vardı.


İrəvan xoşuma gəlmədi. Sönük, cansıxıcı təsir bağışlayırdı. Bilmirəm, mənə elə gəlirdi, yoxsa həqiqətən belə idi - getdiyim hər yerdə nə isə əsəbi bir atmosferin, didişmə ab-havasının hökm sürdüyünü hiss edirdim.


Amma heyrətləndiyim məqamlar da oldu. Mağazalarına baxanda bizdən daha yaxşı yaşadıqlarını görməmək mümkün deyildi. Özümüzün istehsal etdiyimiz, amma çətinliklə tapdığımız mallar burada ürəyin istəyən qədər idi.


İnstitutda məni normal qarşıladılar. Bir dəfə şöbədə, bir dəfə isə restoranda şərəfimə ziyafət düzəltdilər. Xüsusi düşmən münasibət hiss etmədim. Yalnız restoranda yanaşı oturduğumuz erməni həmkarım xeyli içəndən sonra ehtiyatla istəsəm məni soyqırımı abidəsinə apara biləcəyini dedi, o zaman heç adlarını əməlli-başlı bilmədiyim Tələt və Ənvər paşanı pisləməyə başladı. Amma ertəsi gün nə mən abidəyə getməyə maraq göstərdim, nə də o təkid etdi.


Başqa bir əməkdaş isə məni evinə qonaq çağırdı. O qədər də imkanlı olmadığı dərhal sezilirdi. Amma yaxşı süfrə açmışdı. Mənə fəxrlə köhnə patefonun yanına qalaqlanmış valları göstərdi. Rəşid Behbudov, Zeynəb Xanlarova, Nəzakət Məmmədova - hamısı Azərbaycan musiqisi idi. Bir az içəndən sonra haradansa köhnə bir dəf tapıb gətirdi. Qulağına tutub bacardığı şəkildə "Küçələrə su səpmişəm", "Üçtelli durna" və s. mahnılarımızı mızıldandı.


Gəldiyim gün axşam şəhəri gəzməyə çıxmışdım. Deyəsən, oteldən çox uzaqlaşmışdım. Geri qayıtmaq üçün yolu tapa bilməyəcəyimi görüb bir taksi saxladım. Ünvanı deyən kimi sürücü Azərbaycan dilinə keçdi.


- Bakıdansan?


- Aha.


- Mən də Bakıdan köçüb gəlmişəm. Ara, ehtiyatlı ol. Gecə vaxtı belə yerlərdə tək gəzmə. Tutub adamın başın kəsərlər.


- Hamının başın kəsirlər? - deyə söhbəti zarafata çevirmək istədim.


- Yox. Türkün, musurmanın...


Vur-tut iki ildən sonra taksi sürücüsünün dediyi prosesə start verildi... Və bizi tam hazırlıqsız yaxaladılar.


Alik Məmmədov 


Şuşaya kanatla qalxdıq, yarım metr qarda 14 saat kəşfiyyatdan sonra, 400 nəfər o dağı dırmaşmalı idi. Bıçaq, tapança, limonka ilə döyüşə gedirdik. Bizi nə gözləyir, bilirdik. 500 erməni dığasının biz daxil olan tərəfdə olduğu məlumatını əldə eləmişdik. Ən az sayda bu tərəfdə yerləşmişdilər, başqa mövqelərində ağır artilleriya və canlı qüvvə sayı burdakından azı üç dəfə çox idi. Çünki onlar bizim ordan hücum edəcəyimizi güman edirdilər.


Heç bir insanın ağlına gəlməyəcəyi sıldırımları dırmaşıb, döyüşə artilleriyasız girəcəyimizi düşünmürdülər. Nəinki onların, heç kəsin ağlına gəlməzdi ki, biz bıçaqla Şuşanı almağı düşünürük. Generalımızın düzgün döyüş tapşırığı, düzgün koordinatları olmasaydı, məhv ola bilərdik. Amma hər şey zərgər dəqiqliyi ilə ölçülüb-biçilmişdi. Biz qayaları dırmaşıb, əlbəyaxa döyüşə girdik. Dəqiq deyə bilməyəcəm, təxmini desəm 40-a yaxın erməniyə bıçaq salıb-çıxartmışam həmin hücum anı. Onların arasına düşən panika belə General tərəfindən hesablanmışdı, panika yaranan kimi tapşırıq əsasında hərəmiz dəstə-dəstə əks istiqamətlərdə dağılışdıq. 


Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar. Onlar hətta öz əsgərlərinə belə inanmırdılar, yaxınlaşan erməni ermənini vururdu, çünki onların formasında belə biz ola bilərdik. Şuşa bizim əzəmətimizi, gücümüzü, əsgərimizin qorxmazlığını onlara göstərdi. Onlar Şuşanı bir il dayanmadan müdafiə edə biləcək sayda silah-sursat və canlı qüvvə ilə təmin eləmişdilər. Şuşa şəhidlərimizin qanı bahasına, kişiliyi, qorxmazlığı bahasına bir neçə saatda alındı. 


Xəqani Səfəroğlu 


Qardaşımın hərbçi yoldaşı döyüşlərdə şəhid olub. Deyir, çox cəsur və qorxmaz oğlan idi. Yaralansa da, hospitala göndərə bilmədik. Getmədi.


Şəhidin 3 uşağı qalıb. Kirayədə yaşayırdı. Kirayədə qaldığı evin sahibi indi onun ailəsini heç yerə buraxmır. Yoldaşına deyib ki, "bu qaldığın evi sənə verirəm. Uşaqlarını böyüt, sən mənim övladım, uşaqlar nəvələrim oldu".


İbrətlidir. Ordumuz Baş tacımızdır. Şəhidlər və onların yadigarları ən yaxşılara layiqdirlər... Onlara ömürlük borcluyuq.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox