AZ

Akademik: Bərk cisim elektronikası sahəsindəki irəliləyişlər elmin inkişafında mühüm rol oynayır

 

d283c84c015cb98643a1b37660eed742.jpg
06.01.2025 13:35

Telefonlardan avtomobillərə qədər hər şey bərk cisim elektronikası prinsipləri əsasında işləyir və bu sahədəki irəliləyişlər elmin inkişafında mühüm rol oynayır. Azərbaycanda bu sahədə müəyyən nailiyyətlər mövcud olub, məsələn, Elmi-Tədqiqat Fotoelektronika İnstitutu bərk cisim elektronikasına aid araşdırmalar aparıb. Hazırda Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları, İdarəetmə Sistemləri və Fizika institutlarında da bu istiqamətdə tədqiqatlar davam edir.

 

TED.az xəbər verir ki, bu fikirləri AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının sədr müavini, Fizika İnstitutunun Bərk cisim elektronikası laboratoriyasının rəhbəri akademik Cavad Abdinov deyib.

 

“Bu sahənin inkişafında ən böyük çətinliklərdən biri sifarişçilərin olmamasıdır. Azərbaycanda bərk cisim elektronikasının cihazları və qurğularının fiziki əsaslarını işləyirik, bu sahənin tətbiqi üçün geniş miqyasda sifarişçilər və bazar isə yoxdur. Bu, istehsal sahələrinin inkişafına mane olan əsas amillərdən biridir. Bərk cisim elektronikasının inkişafı üçün böyük müəssisələr, istehsal sahələri və texnoloji infrastrukturun olması vacibdir. Müvafiq dövlət dəstəyi və yeni istehsal sahələrinin yaradılması bərk cisim elektronikasının inkişafında böyük rol oynaya bilər”, - deyə alim bildirib.

 

Akademik qeyd edib ki, Azərbaycanda bərk cisim elektronikasının inkişafı iki əsas istiqamətdə həyata keçirilməlidir: “Birincisi, onun fiziki elmi əsaslarını işləyən institutların mövcudluğu vacibdir. Bu institutlar mövcuddur, lakin onlara göstərilən diqqət artırılmalıdır. İkinci istiqamət isə bu tədqiqatların tətbiqi ilə əlaqəli istehsal sahələrinin yaradılmasıdır. Bu sahələrin inkişafına inanırıq və ümid edirik ki, gələcəkdə bu istiqamət daha da güclənəcəkdir. Çünki dünya sistemindən kənarda qalmaq olmaz. Hazırda bütün inkişaf müasir elektronikanın əsasında həyata keçirilir.

 

Bərk cisim elektronikasının daha güclü inkişafı üçün həm elm, həm də istehsal sahələri tərəfindən ciddi, məqsədyönlü addımlar atılmalıdır. Müvafiq dövlət dəstəyi, xarici investisiyalar və müasir texnoloji infrastrukturların yaradılması bu sahənin gələcək inkişafı üçün son dərəcədə zəruridir”.

 

TED + bölməsindən digər xəbərlər

Daha çox