AZ

Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun tikintisi sürətlə davam etdirilir

05b64b30033f891156ef1014598099d0.jpg
21.04.2025 14:20

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası çərçivəsində Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun tikintisi işləri sürətlə davam etdirilir.

 

Bu barədə TED.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

 

Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolu başlanğıcını Bərdə-Ağdam avtomobil yolundan götürür və ümumi uzunluğu 33.6 km təşkil edir.

 

Sözügedən yolun ilk 11.7 km-lik hissəsi layihə üzrə II texniki dərəcəyə uyğun, qalan 21.9 km-lik hissəsi isə I texniki dərəcəyə uyğun yenidən qurulur. Torpaq yatağının eni müvafiq olaraq 15 və 26.5 metr təşkil edir, hərəkət zolaqlarının sayı isə 2 və 4 zolaqdır. Hər bir istiqamət üzrə çiyinlərin eni 3.75 metrdir.

 

Hazırda layihə boyu torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və əvəzində yararlı material verilərək normativ hündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilməklə yol geyiminin tikintisi aparılır. Yol yatağı və yol əsası hazır olan hissələr asfaltlanır. Artıq 3.6 km hissədə 2 lay asfalt-beton örtük döşənilib.

 

Bundan başqa, yolboyu 148 ədəd müxtəlif diametrlərə malik düzbucaqlı və dairəvi suötürücü boruların, eləcə də keçidlərin tikintisi işləri görülüb və hazırda bu istiqamətdə işlər davam etdirilir. Layihədə nəzərdə tutulan 6707 metr uzunluğa malik istinad divarından 4397 metr hissəsi artıq inşa edilib.

 

Qeyd edilən işlərə paralel olaraq 1 və 3 aşırımlı 5 körpünün inşası da sürətlə davam etdirilir. Körpülər yolun 1.6, 4.4, 7.2, 9.6 və 14-cü km-lik hissələrində inşa edilir.

 

Layihə boyu ümumi fiziki tərəqqi 72% təşkil edir.

 

Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolu bölgədə gediş-gəlişi asanlaşdıracaq, kənd təsərrüfatının, turizmin inkişafına əhəmiyyətli təsir göstərəcək.

 

Yol Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçın şəhərlərinə getmək istəyən sürücü və sərnişinlərin Ağdam şəhərinə daxil olmadan bu yoldan istifadə edərək sürətlə və təhlükəsiz hərəkətlərini davam etdirmələrinə imkan verəcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox