AZ

“İndi media deyəndə, hər kəs sosial şəbəkələri düşünür” — Elçin Şıxlı ilə MÜSAHİBƏ

643f8734a54b114e874fcffb4dd8aeb7.png
03.05.2021 16:22

Elçin Şıxlı: Bu qanunun qəbulunun pis nəticələr verəcəyini Əli Həsənov kimilər söyləyə bilər”

 

3 may bütün dünyada Mətbuat Azadlığı Günü kimi qeyd olunur. 1993-cü ildən qeyd edilən bu günün əhəmiyyəti senzuranın yolverilməzliyi, mətbuatın mümkün azadlığıdır.

 

TED.az xəbər verir ki, Azərbaycanda mətbuatın azadlığı, jurnalistikanın problemləri ilə bağlı Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı demokrat.az-ın sualları cavablandırıb.

 

Onunla söhbəti təqdim edirik:

 

- Azərbaycanda medianın vəziyyətini necə qiymətləndirirsiniz? Azad jurnalistika anlayışı sizin üçün nədir?

 

- Medianın vəziyyəti ilə bağlı əvvəllər nə demişəmsə, hələ də odur. Ortada yenilik yoxdur. Bu sahədə problemlər çoxdur və onları həll etmək lazımdır. Azad jurnalistika isə fikirləri sərbəst, peşə etikası qaydaları çərçivəsində ifadə etməkdir. İnsanın düşüncələri, beyni azad olmasa, ondan azad jurnalist çıxa bilməz.

 

- Zaman-zaman Azərbaycanda diffamasiya haqqında qanunun qəbulu gündəmə gəlir və məsələ ilə bağlı müzakirələr aparılır. Bəzən belə fikirlər də səsləndirilir ki, jurnalistlərə tam azadlığın verilməsi “sarı jurnalistika” ilə nəticələnə bilər. Bu məsələyə sizin yanaşmanız necədir?

 

- İş orasındadır ki, diffamasiya haqqında qanun dünyanın hər yerində təcrübədən keçirilib. Təcrübədən keçirilən ölkələrdə bu, problem yaratmırsa, Azərbaycanda da yaratmamalıdır. Təbii ki, əksikliklər ola bilər, amma bu o demək deyil ki, biz yeniliklərdən imtina etməliyik. Bayaq qeyd etdiyim kimi, hər yerdə azad jurnalistikanın prinsipləri olmalıdır. İnsan azad düşünməli, azad fikir söyləməyə imkanları olmalıdır, amma etik qaydalar çərçivəsində. Belə olmasa, yaxşı nəticələr əldə etmək mümkün deyil. Diffamasiya haqqında qanunu biz çoxdan qəbul etməli idik. Bu qanunun qəbulundan sonra heç bir dəhşətli nəticə ola bilməz. Bu qanunun qəbulunun pis nəticələr verəcəyini Əli Həsənov və onun kimilər söyləyə bilər. Onlar bu fikri hamının beyninə yeridiblər. Bu, çox yanlış fikirdir.

 

- Bəs sizcə, Azərbaycanda media azadlığı hansı səviyyədir?

 

- Azadlığı kimsə kiməsə bağışlamır. Azadlıq qazanılır, onu insanlar hiss etməlidirlər. Cəmiyyət azadlığın nə demək olduğunu anlamalıdır ki, azadlığa, xüsusilə də media azadlığına gəlib çatsınlar. İndi media deyəndə, hər kəs sosial şəbəkələri düşünür və deyir ki, orda hərc-mərclikdir. Lakin unudurlar ki, sosial şəbəkələr jurnalistika demək deyil. Sosial şəbəkələr yalnız platformadır,  jurnalistikaya başqa cür təsiri yoxdur. 

 

- Azərbaycan mediası ilə beynəlxalq medianı müqayisə etsək, ortaya hansı mənzərə çıxar?

 

- Azərbaycan mediasını digər ölkələrlə müqayisə etmək istəmirəm. Həm texnoloji, həm də insanların düşüncəsi cəhətdən biz geridə qalırıq. Bütün bunları aradan qaldırmaq mümkündür, amma bunun üçün də qarşımıza ciddi məqsədlər qoymalıyıq. Yoxsa “diffamasiya haqqında qanunun qəbulu ilə hər şey yerlə-yeksan olacaq, jurnalistlərə azad yazı imkanı versək, hər şey məhv olacaq” kimi düşüncələrlə kimləsə ayaqlaşa bilməyəcəyik. 

 

Dünya mediası artıq tamam başqa səviyyəyə çatır. Biz isə hələ düşünürük ki, azad yazı yazmaq olar, ya yox. Dünya mətbuatında da müəyyən qədər ikili standartlar var, amma bu o demək deyil ki, biz həmin nüansları özümüzə örnək götürməliyik. Düzgünlük, peşəkarlıq, səriştə kimi meyarlar sıxışdırılır və onlar uğrunda daim mübarizə gedir. 

 

- Ölkədəki yeni media islahatlarını necə dəyərlərdirirsiniz?

 

- Bizim mediamızda yeni islahat görmürəm, hələ ki, sadəcə niyyətlər, fikirlər var ki, bunlar haqqında da danışmağa dəyməz. Ortada ciddi cəhdlər, iş yoxdur.

 
- Mətbuatla bağlı yeniliklər nəzərdə tutulsa da, problemlər hələ də qalmaqdadır. Sizcə, müasir mətbuatda ən böyük problem nədir?

 

- Azərbaycan mətbuatında ilk problem peşəkarlıqdır. İkinci isə azad söz söyləmək məsələsidir. Peşəkarlığın olmadığı yerdə etik çərçivələr də gözlənilmir, heç gözlənilə də bilməz. Yəni əsas problem peşəkarlıq və azadlıqdır. Problemlərin həllinə bu iki məsələ ilə başlamaq lazımdır.

 

- Həm əvvəllər, həm də indi jurnalist-məmur anlaşmazlığı var. Bu problemi hansı üsulla həll etmək olar?

 

- Doğrudur ki, jurnalist-məmur problemi hər zaman olub, indi də var. Həmçinin, bu anlaşmazlıq hər yerdə var. İstənilən inkişaf etmiş ölkədə də bu problemi görə bilərik. Məncə, bu problemin konkret həlli yoxdur, sadəcə ölkədə qanunlar işləməlidir. Hərənin öz maraqları var və hər kəs bu maraqları güdəcək. Məmur düzgün məmurdursa, jurnalist də peşəkardırsa, mühit baxımından bu kimi məsələlər yoxdursa, o zaman bu problem çox da qabarıq olmayacaq. 

 

Digər halda, məmur rüşvətxordursa, qanunsuz əməllərini gizlətmək istəyirsə, o zaman belə problemlər hər zaman olacaq. Jurnalistikanın əsas vəzifələrindən biri həqiqəti üzə çıxarıb, cəmiyyətin diqqətinə çatdırmaqdır. Jurnalist hüquq-mühafizə işçisi deyil, sadəcə cəmiyyətin əksiklərini, problemlərini ictimaiyyətin diqqətinə çatdırır.

 

- Son vaxtlar mətbuatda əsas irad hədəfi intihar və zorakılıqla bağlı xəbərlərin tirajlanmasıdır. Siz necə düşünürsünüz, belə xəbərlərin yayımlanması bu kimi hadisələrin təbliğatı kimi qiymətləndirilir?

 

- Baş verən hadisələri işıqlandırmaq medianın borcudur, sadəcə bunun necə həyata keçirilməsi məsələsi var. Biz bu cür kriminal əsaslı xəbər veririksə, həmçinin bunun necə mənfi hal olduğunu da oxucuya çatdırmalıyıq. Bizdə isə bu, əksinədir. Məsələn, kriminal aləmin, avtoritetlərin həyatını elə zövqlə təqdim edirlər ki, insanlar elə düşünürlər ki, həyat elə belə olmalıdır, yəni kiminsə başını kəsmək, kimisə öldürmək və s. kimi halları qəhrəmanlıq kimi düşünürlər. 

 

Digər tərəfdən, söhbət intihardan gedirsə, biz onun səbəblərini də araşdırıb təqdim etməliyik. İntiharlar niyə başverir, niyə son zamanlarda bu hallar daha da çoxalıb – bunları təhlil edib, ictimaiyyətin nəzərinə çatdırmalıyıq. Söhbət peşəkar jurnalistdən və keyfiyyətli jurnalistikadan gedirsə, proses bu cür olmalıdır. İntiharı gizlətməyin də mənası yoxdur. Sovet dövründə intihar kimi hadisələrin də sayı az deyildi, amma belə halları bildirmirdilər. Bizim xəbərimiz olmurdu deyə elə bilirdik ki, dünyada hər şey güllük-gülüstanlıqdır. Problemləri qabartmaq, həmçinin onların səbəblərini də araşdırıb tapmaq lazımdır.

 

- Jurnalistikanın hazırkı vəziyyəti cəmiyyətin tələbləri ilə ayaqlaşa bilirmi?
 

- Təbii ki, ayaqlaşa bilmir. Sadəcə bizim inkişaf səviyyəmiz, olduğumuz mühit beynimizi başqa cür işləməyə vadar edir. Bu məsələ yumurtanın, yoxsa toyuğun daha əvvəl yaranması məsələsi kimidir. Həmişə mediada belə sual olub, jurnalistika oxucu üçün, yoxsa oxucu jurnalistika üçündür? Bu məsələnin həlli, sualın cavabı hələ də məlum deyil. Jurnalist cəmiyyətin, kütlənin maraqlarının arxasınca  gedib işlərini ona uyğun qursa, mənəvi cəhətdən dibə düşə bilər. 

 

Digər tərəfdən, o, cəmiyyəti maarifləndirmək kimi bir məqsəd güdsə, o qədər də məşhur olmaya bilər, amma cəmiyyətdə söz sahibləri onun yazdıqlarını oxuyacaq. Bizdə qara kütlə deyilən anlayış var. Bəzən o kütlənin içərisinə düşən adam da onlarla eyniləşir, özünü onlar kimi aparır. Özünü hamı kimi apara bilməyən insanlar üçün işləmək lazımdır.

TED + bölməsindən digər xəbərlər

Daha çox