Dünyaşöhrətli azərbaycanlı alim Xəlil Kələntər İnformasiya Texnologiyaları İnstitutunun qonağı olub
AMEA İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, ABŞ-ın nüfuzlu “Society for Information Display” (SID) Cəmiyyətinin fəxri üzvü, Yaponiyanın “Global Optical Solutions” (Beynəlxalq Optik Həllər) şirkətinin baş tədqiqatçısı, elektronika mühəndisi, fizika elmləri doktoru, LCD monitorun əsas yaradıcılarından olan professor Xəlil Kələntər ilə görüş keçirilib.
Bu barədə TED.az-a institutdan məlumat verilib.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev Xəlil Kələntərin Azərbaycanı Yaponiyada layiqincə təmsil etdiyini, Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasəti bütün dünyada təbliğ etdiyini, elmi nailiyyətləri ilə ölkəmizin qürur mənbəyinə çevrildiyini diqqətə çatdırıb. Aprel ayında Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında iştirak edən professorun əsl ziyalı, dünya Azərbaycanlılarının ən layiqli nümayəndələrindən olduğunu vurğulayıb.
R.Əliquliyev qonaqlara institutun əsas fəaliyyət istiqamətləri, əldə etdiyi nailiyyətlər, kadr potensialı, texnoloji təchizatı, beynəlxalq əlaqələri və s. haqqında ətraflı məlumat verib. Qeyd edib ki, rəhbərlik etdiyi elmi qurumda e-dövlətin nəzəri əsasları, bulud texnologiyaları, süni intellekt texnologiyaları, e-tibb, e-demoqrafiya, “Big Data”, “Text Mining”, internetdə və kiber-fiziki sistemlərdə kibertəhlükəsizlik problemləri, Elm 4.0, Sənaye 4.0, Əşyaların İnterneti və s. kimi müxtəlif aktual elmi problemlər üzrə əsaslı tədqiqatlar aparılır. İnstitut dövlətimizin başçısının təsdiqlədiyi proqramların, müvafiq sahələrdə dövlət siyasətinin həyata keçirilməsində və bir sıra mühüm layihələrin hazırlanmasında yaxından iştirak edir.
İnstitutun direktoru Azərbaycan elmi və təhsilinin Avropa mühitinə inteqrasiyasının təmin edilməsində virtual körpü rolunu oynayan “AzScienceNet” şəbəkəsi, eləcə də magistratura pilləsi, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə fəaliyyət göstərən Dissertasiya şurası haqqında da məlumat verdi.
Alim informasiya əsrində əldə olunan mühüm elmi nailiyyətlərin, görkəmli Azərbaycan alimlərinin dünya elminə verdiyi töhfələrin, eləcə də yeni elmi istiqamətlərin təbliğ edilməsinin vacibliyindən, elmi biliklərin populyarlaşdırılmasında KİV-in rolundan söz açıb. Jurnalistikanın mühüm sahələrindən biri olan elmi jurnalistikanın inkişafının, bu sahədə peşəkar qələm sahiblərinin yetişdirilməsinin əhəmiyyətini vurğulayıb.
“Elmi biliyin fəlsəfi mahiyyəti, sosial təyinatı və əhəmiyyətini düzgün anlayan, cəmiyyətlə elm adamları arasında əlaqə yaradan peşəkar ixtisaslaşmış jurnalistlərin hazırlanmasına böyük ehtiyac var. Bu istiqamətdə zəruri biliklərin öyrədilməsi məqsədilə xüsusi fakültələr və ixtisaslar yaradılmalıdır”, – deyə akademik bildirib. O, elmi məqalə və xəbərlərin populyar dildə hazırlanmasında jurnalistlərin üzərinə düşən vəzifələri xüsusilə qeyd edib.
Sonra çıxış edən professor Xəlil Kələntər elektronika mühəndisliyi, yeni nəsil ekranlarının yaradılması sahəsində 100-ə yaxın patentin, yapon dilində 3 kitabın, 130-dan çox elmi məqalənin müəllifi olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, dünyada ilk dəfə olaraq, məişətimizə daxil olan LCD televizor, kompüter və mobil telefonların əsas hissələrindən birinin – maye kristal displeyin arxa fon işıqlarını yaradıb, dünyanın aparıcı universitetlərində bu mövzuda mühazirələrlə çıxış edib.
Qırx ilə yaxın Yaponiyada fəaliyyət göstərən alim 1995-ci ildən bəri LCD blokları üçün optik cihazlar və modullar üzərində çalışdığını bildirib, dünyada ilk dəfə işıqla yönləndirilən mikroreflektorlu və mikrodeflektorlu optik lövhələr yaratdığını söyləyib. Əlavə edib ki, o, işıqla yönləndirilən mikrostrukturlu funksional optik lövhələrin ilk dizayneri, müəllifi və istehsalçısıdır. 2007-ci ilin mayında LCD işıqlandırılmasında istifadə edilən işıq şüaları üçün kəşf etdiyi yeni optik-dizayn metoduna görə xüsusi mükafata layiq görülüb. “SID” üzrə 2011-ci ildə keçirilmiş konfransda “Ən yaxşı məqalə” mükafatını alıb. “SID” Cəmiyyəti proqram komitəsinin üzvüdür. Bundan əlavə, “Journal of SID” elmi jurnalının xüsusi buraxılışının redaktoru kimi fəaliyyət göstərir və displey texnologiyaları üzrə Yaponiyada keçirilən beynəlxalq seminarların proqram komitəsində təmsil olunur.
Professor Xəlil Kələntər göstərilən qonaqpərvərliyə görə institut rəhbərliyinə minnətdarlığını bildirib, bu elmi qurumun fəaliyyətini yüksək qiymətləndirdiyini nəzərə çatdırıb. O, Azərbaycanın son illər yüksək texnologiyalar sahəsində qazandığı uğurları diqqətlə izlədiyini qeyd edib, alimlərimizin yaponiyalı həmkarları ilə əlaqələrini daha da inkişaf etdirmələrini arzuladığını və bu məsələdə dəstək göstərməyə hər zaman hazır olduğunu vurğulayıb.
Görüş çərçivəsində gələcəkdə iki ölkə arasında elmi əməkdaşlıq münasibətlərinin gücləndirilməsi, Azərbaycan gənclərinin Yaponiyada təhsil alması istiqamətində zəruri addımların atılması və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.