AZ

Kartla ödənişiniz qəbul edilmirsə, istehlakçı hüququnuz pozulur — HÜQUQŞÜNAS 

 

117604372_337636473939480_4576792714440798646_n
12.08.2020 12:45

“İstehlakçı hüquqlarının müdafiəsi haqqında qanunun 7-ci maddəsinə görə, bütün ictimai-iaşə, ticarət və xidmət sektorunda POS-terminalların quraşdırılması birmənalı olaraq məcburidir. Eyni zamanda, Vergi Məcəlləsinin 16-cı məcəlləsinə əsasən, POS-terminalların quraşdırılması vergi ödəyicisinin vəzifələrindən biri kimi nəzərdə tutulmuşdur. Yəni, hansı obyekt dediyim təsvirə uyğundursa, qanunvericiliyə görə, bu vəzifəni üzərinə götürməlidir”.

 

Bunu TED.az-a açıqlamasında Dövlət Vergi Xidmətinin “Nağdsız ödənişlərə dəstək verin!” sloqanı ilə yayımladığı videonu şərh edərkən hüqüqşünas Anar Ramazanov deyib.

 

 

A.Ramazanov bildirib ki, POS terminalların quraşdırılmaması, yaxud nağdsız ödənişlərdən imtina obyekt sahibinin 6000 manatadək cərimələnməsi ilə nəticələnə bilər: “Vergi orqanları operativ vergi nəzarəti qaydasında ictimai-iaşə, ticarət və xidmət müəssisələrində POS-terminalların quraşdırılması hallarına nəzarət olunmasını təmin edir. Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, vergi orqanında VÖEN-ə malik olan istər hüquqi şəxs, istərsə də sahibkar işlətdiyi və gəlir əldə etdiyi ticarət, ictimai-iaşə, yaxud xidmət müəssəsində POS-terminalların quraşdırılmaması və POS-terminalların quraşdırıldığı obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsi halına görə, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, ciddi maliyə sanksiyalarına məruz qala bilər. Əgər bu hal təqvim ili ərzində ilk dəfə yol verilirsə, vergi ödəyicisi 1000 AZN məbləğində cərimə olunacaq. Təqvim ili ərzində ikinci dəfə belə hala yol verildikdə 3000 AZN, əgər təqvim ili ərzində 3 dəfə və ya daha çox dəfə buna yol verilirsə isə, vergi ödəyicisi 6000 AZN məbləğində maliyə sanksiyasına məruz qalacaq. Vergi ödəyiciləri POS-terminalların daim işlək vəziyyətdə olmalarını təmin etməlidirlər”.

 

“İstehlakçı bu cür halla rastlaşsa, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyət göstərən Azərbaycan Respublikası İqtisadi və Sənaye Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilər. Bundan əlavə,  bununla əlaqədar İqtisadiyyat Nazirliyinin Qaynar Xəttinə zəng etmək, eyni zamanda Vergilər Nazirliyinin Qaynar Xəttinə şikayət bildirmək olar. Beləliklə, Vergi Orqanları haqqında şikayət mövcud olan müəssisəni nəzarət altına götürə bilər”, — deyə hüquqşünas vurğulayıb.

 

Fatimə ZÜLFİQAR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox