AZ

Ölkəmizdə Süni İntellekt əsaslı biznes həllərinin yaradılması qürur hissləri yaşadır — Analitik təhlili

 

e0b82a1fc7f10f9ffc42d02821e63372.jpg
13.08.2020 16:14

“Təqribən 5 il əvvəl ölkədə Süni İntellekt və Data Elmi istiqamətində danışılmır və qurumlarda Data Elmi ümumiyyətlə tətbiq edilmirdi. Lakin son illərdə ölkəmizdə Süni İntellekt sahəsində oyanış və inkişaf müşahidə edilməyə başlandı. Hər keçən gün data elmi və süni intellekt elminin dövlət və özəl qurumların diqqətini daha çox çəkdiyinin və Süni İntellekt istiqamətində təşəbbüslərin artan sürətdə çoxaldığının şahidi olduq. Prezidentin yeni təyin etdiyi nazirlərə artıq birbaşa Süni İntellektin tətbiq edilməsi ilə bağlı tapşırıqlar verməsi, baş nazirin Süni İntellekt elmi ilə bağlı tədris qanunlarına dəyişikliklər etməsi ilə artıq Azərbaycanda bu elmin dövlət rəhbərliyi səviyyəsində dəstəkləndiyinin və təşviq edildiyinin şahidi olduq. Texnologiya sahəsində dünyanın ən qabaqcıl tədris müəssisəsi MIT və Süni İntellekt üzrə dövlətlərə və şirkətlərə xidmətlər göstərən dünya nəhəngi IBM şirkətinin 6 il əvvəl birgə apardığı tədqiqatda Süni İntellekt elminin dövlətlərdə və müəssisələrdə tətbiqinin uğurlu olması üçün zəruri 3 əsas meyardan məhz birincisinin, birbaşa rəhbər tərəfindən bu elmin tətbiqinin dəstəklənməsi olduğu qeyd olunmuşdu. Aparılan tədqiqatda qeyd edilirdi ki, Süni İntellekt elmi məlumatların təhlili və emalı üzərində qurulması səbəbindən və yüksək innovasiya tutumlu resurs tələb etməsi nöqteyi nəzərindən, rəhbərliyin bu sahəyə diqqət və qayğısı həyata keçiriləcək layihələrin uğurlu olmasın üçün ilkin şərt idi. Həmin tədqiqata dayanaraq qeyd edə bilərik ki, Azərbaycanda Süni İntellektin tətbiq edilməsi və inkişaf etdirilməsi üçün dövlət rəhbərliyi tərəfindən dəstəyin mövcudluğu ölkədə bu sahənin inkişaf etdirilməsi üçün əlverişli zəmin yarandığından xəbər verir”.

 

Bunu Data üzrə mütəxəssis Etibar Hüseynli TED.az-ın sorğusuna cavab olaraq Süni İntellektlə bağlı Azərbaycandakı vəziyyəti təhlil edərkən deyib.

 

Mütəxəssis ölkəmizdə Süni İntellekt ilə bağlı ilk təşəbbüslərdən danışıb: “Azərbaycanda Süni İntellekt ilə bağlı ilk təşəbbüslərə “Center for Data Analytics and Web Insight” (CEDAWI) adlı tədqiqat mərkəzi, ASAN Xidmətin və Azercell şirkətinin fəaliyyətlərini aid etmək olar. 2011-ci ildə yaranmış CEDAWI mərkəzi Big Data (Böyük həcmli verilənlərin emalı) istiqamətində elmi tədqiqatlar aparmaq və ölkə daxilində Big Data ilə əlaqəli böyük konfranslar təşkil etməklə tanınırdı. ASAN Xidmət və Azercell şirkəti isə idarəetməsində müasir data elmi və süni intellekt üsullarının tətbiqinə, hətta 2010-cu illərdən geniş yer verirdi. Bu ilkin Süni İntellekt və Data Elmi fəaliyyətləri daha sonra müxtəlif formada genişlənmiş və inkişaf etmişdir. Ölkədə Data Elmi və Süni İntellekt Elminə artacaq təlabatı görən bəzi biznes qurumları bu elmin tədrisi və tətbiqi istiqamətində konsultasiya xidmətləri həyata keçirməyə başlamışdır. Hazırda ölkədə 15-ə yaxın Data Elmi və Süni İntellektin müxtəlif istiqamətlərində xidmət verən Konsaltinq və Tədqiqat şirkətləri fəaliyyət göstərir. Bəzi yerli Data Elmi Akademiyaları artıq ölkəmizdə bu elmin tədrisi istiqamətində uğurlu fəaliyyətlər həyata keçirir. Son zamanlar artıq Azərbaycanda müxtəlif Süni İntellekt əsaslı biznes həllərinin yaradıldığının şahidi olmaq hər azərbaycanlıya təbii olaraq qürur hissləri yaşadır”. 

 

”Bu və ya bənzər təşəbbüslərin ölkədə sürətlə yayılması artıq ölkəmizdə bir çox digər nüfuzlu dövlət və biznes qurumlarında Data və Süni İntellekt elmi istiqamətində fəaliyyətlərin artmasına gətirib çıxarıb. Son zamanlar Bakcell və Azerfon kimi digər telekommunikasiya şirkətləri, Paşa Holding, Beynəlxalq Bank, Unibank Expressbank və Azərkosmos kimi nəhəng biznes qurumları, o cümlədən Tibbi Sığorta Üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi kimi müxtəlif dövlət agentlikləri də Data və Süni İntellekt əsaslı idarəetməni öz prioritet istiqaməti elan etmiş və bu səpkidə faəliyyətlərə başlanıb. Müsbət təşəbbüslər və nəticələr olsa da, ölkədə Süni İntellekt elminin tətbiqinin inkişaf etdirilməsi və bu elmdən istifadə etməklə ölkənin daha səmərəli idarə edilməsi və  gəlirlərinin artırılması istiqamətində hədsiz imkanlar mövcuddur”, — deyə E.Hüseynli vurğulayıb.

 

Təhlilin tam versiyası ilə bu linkə  keçid edərək tanış ola bilərsiniz. 

 

Fatimə ZÜLFİQAR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox