“8 Noyabr bizim Zəfər hekayəmizdir. Azərbaycan üçün qalibiyyət müjdəsinin, bütövlük möcüzəsinin başlanğıcıdır. Ardınca 2023-cü ilin 19-20 sentyabrının özü ilə gətirdiyi suverenlik faktı, daha sonra həmin ilin 15 oktyabrında Xankəndidə Dövlət Bayrağımızın ucalma təntənəsi, siyasi arenada güclənən nüfuz, diplomatik səriştə və əzmin yetirdiyi yeni bir Azərbaycan! Bütün bunların nəticəsidir ki, Zəfər Gününü – tarixi taleyimizdə xüsusi rolu olan bu hadisəni bütün mənalarda istiqlalını qazanmış, sərhədlərini bərpa etmiş, böyümüş, güclənmiş, nüfuzunu və səriştəsini artırmış bir ölkənin vətəndaşları kimi qarşılayırıq”.
Bu sözləri TED.az-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova deyib. Onun fikrincə, artıq zaman deyil, proseslər, situasiyalar fərqli şəkil alıb: “Zəfər tariximizin fenomen olduğunu günbəgün daha dərinliyi ilə hiss etməkdəyik. Bu mənada, nəzər nöqtələri, diskurslar, yanaşmalar dəyişib və dəyişməkdədir. Yəqin ki tədricən şüuraltı axın daha dərinlərə işlədikcə dövrümüzün obrazını daha əhatəli, epik panoram genişliyi ilə idrak edəcəyik. Amma bu günün içindən belə aydın görünən, getdikcə bütün yönləri ilə sərgilənən həqiqətlər var ki, onlarla bağlı qənaət birmənalı olaraq sabitdir. Məsələn, böyük Qələbəmizi bizə qazandıran dəyərlər, təməllər, siyasi sistemin möhkəm sütun üzərində pərvəriş tapması və s. Bunlar hamısı Ümummilli Lider Heydər Əliyevin dühasında qurulan, dövlət müstəqilliyinin möhkəm təməllərini yaradan əməllər sırasında ehtiva olunub. Prezident İlham Əliyev müstəqil dövlətçiliyi bütün istiqamətlər üzrə inkişaf etdirərək yeni mərhələyə çıxardı. Əlbəttə ki, tarixi taleyimizdə həlledici səhifə açan epoxal hadisənin adı Qarabağda qazanılan Zəfər oldu. Amma həmin hadisəyə qədər də Prezident İlham Əliyev yeni epoxanın, yeni əsrin meydana çıxardığı, böyük siyasi-ideoloji məktəb keçmiş, Azərbaycan dövlətinin dayaqlarını əsaslı şəkildə inkişaf etdirərək möhkəmləndirən və yeni üfüqlər açan qüvvətli lider kimi özünü təsdiq etmişdi. Bu baxımdan dövlətimizin başçısının Azərbaycanın neft siyasətini ardıcıl və yüksək səviyyədə inkişaf etdirməsi, dünya ölkələri ilə inteqrasiya proseslərini daha da genişləndirməsi, bir çox hallarda isə yeni əlaqələrin yaranmasına yol açması, müxtəlif layihələr əsasında xalqın rifahını daha da yaxşılaşdırması, quruculuq işlərini möhkəmləndirməsi və digər xidmətləri qeyd etmək olar. Bu mənada, hakimiyyətdə olduğu bütün illəri Prezident İlham Əliyevin ata vəsiyyətini yerinə yetirməsi üçün keçdiyi hazırlıq mərhələsi də adlandıra bilərik. O vəsiyyət ki, özündə müstəqillik andı, xalq amili, milli mənafe, ölkə maraqlarını meyara çevirmək kimi ali dəyərləri ehtiva edir. Dövlətimizin başçısı bunu yalnız siyasi arenada deyil, milli mədəniyyətə münasibətdə də gerçəkləşdirib. Zənnimcə, bu kimi həssaslığı da Ümummilli Lider Heydər Əliyev dühasına, şəxsiyyətinə, onun mədəniyyətə, ədəbiyyata baxış tərzinə aid milli dəyərlər sistemi hesab etmək olar”.
Prezidentin son illər imzaladığı sərəncamlara diqqəti yönəldən müsahibimiz deyib ki, “Multikulturalizm İli”, “İslam Həmrəyliyi İli”, “Azərbaycan Xalq Cümhuriyyəti İli”, “Nəsimi İli”, “Nizami İli”, “Şuşa ili”, “Heydər Əliyev İli” – bütün bunlar Heydər Əliyev yolunun yeni tarixi formatda davamının əyani sübutudur. Bu sərəncamların hər biri xalqın siyasi şüurunun güclənməsində, vahid bir ideya ətrafında köklənməsində, insanların milli və tarixi dəyərlər üzərində səfərbər edilməsində, öz tarixi kimliyindən uzaq düşməməsində böyük rol oynayır. Eləcə də mental dəyərlərimizi, kimliyimizi dünyaya bəyan edir, daha sistemli və davamlı təlqinlərə imkan yaradır.
“Müharibədəki Zəfərimizi də elə məğrur ruhun gücü ilə qazandıq. Azərbaycançılıq idealımız, məfkurəçi düşüncəmiz qalib gəldi. Diqqət etsək görərik ki, Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün zaman kəsimlərində Azərbaycan idealını tam vurğusu ilə qoruyub yaşada biləcəyi qutsal anlayışa çevirmişdir. Prezident İlham Əliyev də həmin idealı həm tarixi-kulturoloji, həm də hərbi-siyasi kontekstdə tarixin ən dramatik və xaotik dalğalarından zədəsiz çıxarmağa müvəffəq oldu”, - deyə deputat əlavə edib.
O vurğulayıb ki, bu 44 gündə Azərbaycan öz bütövlüyünü qanı ilə qazanmağa layiq orduya, milli miqyasda düşüncə və təşkilati iş vüsətinə sahib olduğunu dünyaya göstərdi. Müstəqillik mentaliteti və statusunu hər zaman qoruyan Ali Baş Komandan İlham Əliyevin dünyanın gözü qarşısında nümayiş etdirdiyi məğrur lider obrazı isə onun məqsəd və mövqeyinə real mündəricə qazandıran əsas rəmzlərdən oldu. Bu Liderliyi türk tarixində iz qoymuş, onun coğrafiyasından tutmuş mənəvi ərazilərin vəhdətinə qədər bütöv silsilə yaradan, hünər meydanında ad çıxaran, türk intibahının yaranmasında misilsiz rol oynayan fatehlərin əvəzsiz xidmətləri ilə eyni müştərək müstəvidə kəsişdirmək olar.
“Ən yeni Azərbaycanın modeli, onun modern fəlsəfəsinin idrakı addım-addım gedilən bu Zəfər yollarının üfüqündə idi. Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan indi Ali Baş Komandanın əzmi ilə özünü yenidən yaratmaqla, qurmaqla, dünyanın qlobal siyasət meydanında fundamental strateji mövqeyi ilə görünməklə yeniliklərə imza atmaqdadır. Bu yeniliklərlə həm də yeni milli-mənəvi arxitekturanın əsası qoyulur. 8 Noyabr isə bütün hallarda ən yeni tariximizin başlanğıc məqamı, xalqın içindəki susmayan nidanın, kükrəyən coşqunun ünvanı olaraq qalır və bu, hər zaman belə olaraq qalacaq. Bu müqəddəs Zəfəri bizə qazandıran hekayə qəhrəmanlarına - müqəddəs şəhid ruhlarına və igid qazilərimizə isə bir ömür şükran borcumuz var”, - deyə E.Akimova fikrini yekunlaşdırıb.