Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən TED.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün ikinci yarısında bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi əsəcək, gündüz güclü şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 6-9°, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 755 millimetr civə sütunundan 769 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Dolu düşəcəyi, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-8°, gündüz 13-18° isti, dağlarda gecə 0-3° şaxta, yüksək dağlıq ərazilərdə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı ehtimal edilir.