AZ

COP29-da “Mobil şəbəkələrdə “xalis sıfır” transformasiyası” mövzusunda sessiya keçirilib

 

fa8362e60db10e9163263f01b26d74c6.jpg
18.11.2024 10:40

Noyabrın 16-da Bakıda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və "GSMA"nın təşkilatçılığı ilə COP29 çərçivəsində "Mobil şəbəkələrdə "xalis sıfır" transformasiyası" mövzusunda sessiya keçirilib.

 

TED.az xəbər verir ki, tədbirdə nazirliyin aparat rəhbəri Bəxtiyar Məmmədov çıxış edərək iqlim dəyişikliyinin bəşəriyyətin ən böyük çağırışlarından biri olduğunu bildirib. Xüsusilə, Paris İqlim Sazişində qeyd olunan 1.5 dərəcə Selsi hədəfi mühüm əhəmiyyət kəsb edir. Bu hədəf qlobal temperatur artımını sənayedən əvvəlki səviyyələrlə müqayisədə 1.5 dərəcə Selsi ilə məhdudlaşdırmağı nəzərdə tutur. "Biz 1.5 dərəcəni hədəfləmişik. Bu məsələdə, təbii ki, rəqəmsal texnologiyalardan istifadə edə bilərik. Rəqəmsal platforma transnəqliyyatın inkişafına da təsir edən amildir. Bu yaxınlarda Prezident İlham Əliyevin imzaladığı Fərmanla yeni publik hüquqi şəxs – Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) yaradıldı. Buraya müxtəlif şirkətlər və strukturlar daxildir", - deyə aparat rəhbəri əlavə edib.

 

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) nümayəndəsi Asim Namazov qeyd edib ki, biz yeni layihələrin axtarışındayıq və əsas hədəfimiz enerjidən daha effektiv və qənaətli şəkildə istifadə etməkdir.

 

“Azercell” şirkətinin nümayəndəsi Okan Cimen deyib: "Biz daha yaşıl dünyaya keçmək istəyirik. Davamlılıq da bizim üçün önəmlidir və bu hədəflərə nail olmaq üçün partnyorlarla birgə işləyirik. Dünyada bir çox şəbəkə təqdim edirik, davamlılıq ən önəmli strategiyalardan biridir", - deyə o əlavə edib.

 

"Nokia" şirkətinin nümayəndəsi Anthony Darcy çıxışında bildirib ki, təmsil etdiyi şirkət “net 0” hədəfini götürüb və 2040-cı ildə bu hədəfə nail olmağı düşünür.

 

Sonda natiqlər iştirakçıların suallarını cavablandırıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox