Dekabrın 1-dən Bakı metrosunda qışa hazırlıq planlarının qüvvəyə minməsi nəzərdə tutulur
“Bakı Metropoliteni” QSC-də qışa hazırlıq yay aylarından başlanır. Bununla bağlı xüsusi işçi qrupu yaradılıb. İşçi qrupu elektrik depoları, metropoliten stansiyaları və digər obyektlərdə həm infrastrukturun, həm sərnişindaşıma xidməti sektoruna daxil olan sahələrin, həm də işçilərin əmək şəraitinə uyğun olan bütün sahələrdə araşdırma aparır və buna uyğun qərarlar verilir.
TED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, Bakı metrosunda qışa hazırlıq tədbirləri tam yerinə yetirilib.
“Sərnişinləri maraqlandıran ən vacib məsələlərdən biri qışa hazırlıqdır ki, bu istiqamətdə metronun bütün stansiyalarının qum və duzla təmin olunması, yəni qarlı və şaxtalı hava şəraitində stansiya keçidlərində, pilləkənlərdə olan buz örtüyünün əridilməsi üçün lazım olan bütün ehtiyatlar görülüb, bundan əlavə ləvazimatların hər biri alınaraq stansiyalara təhvil verilib. Güclü qar yağan zaman qatarların bir yoldan digərinə keçərək xəttə çıxması maneələr yarada bilər. Buna görə üfürücü qurğuların, eyni zamanda işçi personalının hazırlığı, ilk dəfə bu işə cəlb olunacaq əməkdaşların xüsusi təlimatlandırılması, onların qəfil qar yağarsa gecə növbəsində işə çıxarılması üçün əlaqə nömrələri, işə çatdırılma vasitələri, işdə olarkən çalışdıqları dövr ərzində məişət ehtiyaclarının ödənilməsi və geyim məsələləri tam həllini tapıb. Dekabrın 1-dən “Bakı Metropoliteni” QSC-də qışa hazırlıq planlarının qüvvəyə minməsi nəzərdə tutulur”,- deyə o qeyd edib.