AZ

Çindən GPS-ə rəqib olan santimetr dəqiqliyi ilə yeni nəsil naviqasiya sistemi

1e25a8bd6a98c5479f778cecaa3446c3.jpg
13.01.2025 14:57
Çin 2027-ci ildə GPS-ə rəqib yeni nəsil “Beidou” yerləşdirmə və naviqasiya sistemini sınaqdan keçirəcək. Açıqlamaya görə, yeni nəsil “Beidou” naviqasiya sistemi 2035-ci ilə qədər aktiv hala gələcək.

 

Çin qlobal təsirləri ola biləcək bir addım atdı və 2035-ci ilə qədər yeni nəsil “Beidou” yerləşdirmə və naviqasiya sistemini inkişaf etdirmək üçün strateji yol xəritəsini açıqladı. Strateji yol xəritəsinə əsasən, Çin ilk sınaq peyklərini 2027-ci ildə buraxmağı planlaşdırır. Bildirilir ki, yeni naviqasiya sistemi GPS ilə rəqabət aparacaq və hərbi əhəmiyyət kəsb edəcək.

 
Sınaq peykləri 2027-ci ildə buraxılacaq
 
 
Noyabrın 28-də Çin Peyk Naviqasiya Sistemi İdarəetmə Ofisi (CNSO) tərəfindən açıqlanan “2035-ci il Öncəsi “Beidou” Peyk Naviqasiya Sisteminin İnkişaf Planı”na əsasən, yeni nəsil “Beidou” sisteminin əsas texnologiyalarının tədqiqat və inkişaf prosesi 2025-ci ilə qədər tamamlanacaq. Bu araşdırmalardan sonra 2027-ci ildə 3 sınaq peyki orbitə buraxılacaq. Yeni nəsil “Beidou” sisteminin şəbəkə peyklərinin 2029-cu ildə buraxılması və sistemin inşasının 2035-ci ilə qədər başa çatdırılması hədəflənir.
 
 
Çin artıq qlobal yerləşdirmə, naviqasiya və zamanlama xidmətlərini təmin edən 30 peykdən ibarət “Beidou” sisteminə malikdir. Bu sistemdə ehtiyatda olanlar istisna olmaqla, hər bir müstəvidə 8 ədəd olmaqla, orta Yer orbitində 24 peyk var. Bundan əlavə, meylli geosinxron orbitdə 3 və geosinxron orbitdə 3 peyk var. Yeni nəsil sistem peykləri yüksək, orta və aşağı Yer orbitlərinə yaymaqla, əhatə dairəsini genişləndirəcək və həssaslığı artıracaq.

 
Desimetr səviyyəsində dəqiqlik və çoxyönlü istifadə
 
 
Yeni “Beidou” sistemi metr səviyyəsindən desimetr səviyyəsinə qədər (metrin onda biri və ya 10 sm) dəqiqliklə real vaxt rejimində yüksək dəqiqlik və yüksək etibarlı xidmətlər təqdim edəcək. Sistem Yer səthindən dərin kosmosa qədər uzanan istifadəçi terminallarını dəstəkləyəcək. “Beidou” digər qeyri-peyk əsaslı naviqasiya və zamanlama texnologiyaları ilə inteqrasiya edilərək, daha əhatəli infrastruktur təmin etməyi hədəfləyir.

 
Hərbi və ticari təsirlər olacaq

 
“Beidou” ABŞ-nin GPS, Avropanın “Galileo” və Rusiyanın GLONASS sistemləri ilə rəqabət aparır. Bununla belə, “Beidou” bəzi sahələrdə xüsusilə iki tərəfli ünsiyyət və regional dəqiqlik kimi xüsusiyyətləri ilə üstündür. ABŞ-nin GPS modernləşdirmə səyləri texniki nasazlıqlar və gecikmələrlə üzləşərkən, Çinin yeni nəsil “Beidou” sistemi qlobal yerləşdirmə texnologiyalarında dönüş nöqtəsi ola bilər.

 
Yeni sistemin təkcə mülki tətbiqlərdə deyil, həm də hərbi sahədə böyük üstünlüklər təmin edəcəyi gözlənilir. Dəqiq idarə olunan döyüş sursatları, pilotsuz uçuş aparatları və döyüş meydanı naviqasiya sistemlərində istifadə edilə biləcək “Beidou” Çinin müdafiə qabiliyyətini artıracaq. Ticarət sahəsində “Beidou” daha çox sektora müraciət edərək, Çinin iqtisadi təsirini genişləndirmək potensialına malikdir.

 
“Beidou” sistemi Çinin “Kosmos-Yer İnteqrasiya Edilmiş İnformasiya Şəbəkəsi” (SGIIN) layihəsinə uyğun olaraq hazırlanır. Bu layihə rabitə, uzaqdan zondlama, naviqasiya və hava vəziyyəti kimi peyk xidmətlərini birləşdirən vahid sistem yaratmağı hədəfləyir. Bu inteqrasiya “Beidou”nun qlobal peyk infrastrukturunda rolunu daha da möhkəmləndirəcək.

Dünya bölməsindən digər xəbərlər

Daha çox