AZ

Kibertəhlükəsizliyin təmin edilməsi üçün intellektual metod və alqoritmlər işlənilib

 

6eb3f0554fd59e931feacf2d9451c5fd.jpg
09.01.2025 10:57

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında “Kritik texnoloji sistemlərin kibertəhlükəsizliyinin təmin edilməsi üçün intellektual metod və alqoritmlərin işlənməsi” mövzusunda yerinə yetirilən tədqiqatlara dair müzakirələr aparılıb.

 

Bu barədə TED.az-a institutdan məlumat verilib.

 

Mövzuya dair çıxış edən institutun doktorantı Qurban Fərəcov dissertasiya işinin aktuallığı, məqsədi, qarşıya qoyulmuş məsələlər haqqında məlumat verib. Kritik texnoloji sistemlərin Dördüncü Sənaye İnqilabının əsas texnoloji dayaqlarından biri olduğunu deyən tədqiqatçı ölkələrin bu sistemlərin təhlükəsizliyinin təmin olunmasını öz milli maraqlarının qorunması məsələsi hesab etdiklərini bildirib.

 

Məruzəçinin sözlərinə görə, kritik sistemlər müxtəlif kiber və fiziki komponentlərdən ibarətdir. Ayrı-ayrı komponentlərlə edilən ikitərəfli məlumat mübadiləsi zamanı müxtəlif kiberhücumlar bu komponentlərin işində problemlər yarada bilir. O deyib ki, bir çox hallarda kritik sistemlərin təhlükəsizliyinin təmin olunması xüsusi yanaşma tələb edir.

 

Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

 

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev kritik texnoloji sistemlərin kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində tədqiqatların dərinləşdirilməsini, məqalələrin hazırlanaraq nüfuzlu jurnallara təqdim olunmasını tövsiyə edib. Akademik, həmçinin texnoloji sistemlərin kritikliyini müəyyən edən xüsusiyyətlərin, o cümlədən bu sahədə beynəlxalq standartların dərindən araşdırılması ilə bağlı təkliflərini səsləndirib.

TED + bölməsindən digər xəbərlər

Daha çox