AZ

Ötən il təlimlərdə iştirak etmiş müəllimlərin 60 faizindən çoxu sertifikatlaşdırma prosesində uğurlu nəticə göstərib

 

a1145bbb790e2a8d3b4bd265e8cf883d.jpg
23.05.2024 12:40

2022-ci ildə sertifikatlaşdırma prosesində uğur qazanmayan müəllimlərin 60 faizi təlimlərə cəlb edilərək 2023-cü ildə imtahanda uğurlu nəticə göstərib.

 

TED.az xəbər verir ki, bunu Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib. O bildirib ki, sertifikatlaşdırma prosesində uğur qazanmayan müəllimlər üçün bu il təşkil edilən təlimlərə 5 500-ə yaxın ibtidai sinif müəllimi, 500-ə yaxın Azərbaycan dili və ədəbiyyat müəllimi qoşulub: “2023-cü ildə sertifikatlaşdırma prosesinə cəlb olunmuş ibtidai sinif və Azərbaycan dili müəllimlərinin nəticələri imtahandan sonra təhlil olundu. Bu təhlillər müəllimlərə öyrətməli olduğumuz məsələlər, tədrisdə olan problemlər haqqında məlumatlar verdi. Bunun əsasında sertifikatlaşdırma prosesində keçid balını toplaya bilməyən müəllimlər üçün xüsusi proqram hazırlanaraq Təhsil İnstitutu tərəfindən təlimlər təşkil edildi.

 

Sertifikatlaşdırma prosesində 55 baldan yüksək nəticə göstərən müəllimlər həmin kurslarda təlimçi kimi iştirak etmək üçün müsahibələrə dəvət edilmişdilər. Onların hamısı uğurlu olmamışdı. Çünki burada bir fənnin məzmununu, metodikasını bilmək kifayət etmir. Emosional hazırlıqlı olmaq, həmin müəllimlərlə kommunikasiya qurmaq da vacib şərtlərdəndir.

 

2024-cü ilin əvvəlindən həmin müəllimlərlə işləməyə başladıq. Proqramda iştirak könüllüdür. 2022-ci ildə uğursuz nəticə göstərən ibtidai sinif müəllimləri təlimlərdə iştirakdan sonra 2023-cü ildə uğurlu nəticə göstərdilər. Bu da digər müəllimləri təlimlərə qatılmaq üçün ruhlandırdı. Ötən il təlimlərdə iştirak edən müəllimlərin 60 faizindən çoxu uğurlu nəticə göstərib”.

TED + bölməsindən digər xəbərlər

Daha çox