AZ

“Azercell” və GSMA strateji tərəfdaşlıqlarının prioritet istiqamətləri haqqında danışıblar

4eb95768600286525a762e961e0c3b81.jpeg
23.05.2024 14:40

Bakıda “Azercell”in baş sponsorluğu ilə keçirilən “GSMA M360 Eurasia 2024” başa çatıb

 

Beynəlxalq GSM Assosiasiyasının (GSMA) Azərbaycanda təşkil etdiyi “GSMA M360 Eurasia” konfransı yekunlaşıb. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə baş tutan tədbir bu il də Bakıda telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində çalışan aparıcı ekspertləri, eləcə də region üzrə tənzimləyici qurumların nümayəndələrini bir araya toplayıb.

 

Tədbir çərçivəsində “Azercell” və GSMA-nın rəhbər heyəti arasında keçirilən görüşdə bu əməkdaşlığın prioritet istiqamətləri və yeni çərçivələri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə süni intellektin telekommunikasiya sahəsində tətbiqi imkanları, bu istiqaməti əhatə edən əməkdaşlıq perspektivləri müzakirə edilib.

 

Görüş zamanı tərəflər arasında imzalanacaq yeni anlaşmanın detalları da qeyd olunub. Belə ki, bu saziş çərçivəsində “Azercell” əməkdaşları Beynəlxalq GSM Assosiasiyası tərəfindən mobil operatorlar üçün hazırlanmış xüsusi təlimlərdə iştirak edəcəklər. Bu da öz növbəsində şirkət əməkdaşlarının yeni dövrün iş bazarına uğurlu adaptasiyasına və ümumilikdə “Azercell”in insan kapitalının inkişafına dəstək olacaq.

 

Həmçinin tərəflər iqlim fəaliyyəti ilə bağlı cari əməkdaşlıqlarının detallarını da müzakirə ediblər. Qeyd edək ki, COP29 çərçivəsində GSMA-nın iqlim dəyişikliyi tapşırıqları qrupuna qoşulan “Azercell” digər qrup iştirakçıları ilə birgə mobil sənayeni sıfır karbon emissiyasına yaxınlaşdırmağa çalışır. Görüş zamanı şirkətin rəhbər heyəti bu istiqamətdə görüləcək işləri bir daha gündəmə gətirib. Xatırladaq ki, “Azercell” GSMA-nın İqlim Fəaliyyətinin İşçi Qrupuna ötən ilin dekabr ayından üzv olub.

TED + bölməsindən digər xəbərlər

Daha çox