AZ

Avropa Komissiyası hesab edir ki, “Meta” rəqəmsal bazarlar haqqında qanunu pozur

 

619dd6219ffdc7da9981bdea994302c3.jpg
02.07.2024 12:40

Avropa Komissiyası feysbuk və Instagram sosial şəbəkələrindən reklamsız istifadə üçün ödəniş nəzərdə tutan yeni abunə modelinə görə Birləşmiş Ştatların “Meta” korporasiyasını Rəqəmsal Bazarlar Aktını (DMA) pozmaqda ittiham edir.

 

TED.az xəbər verir ki, bu barədə Almaniyanın “Deutsche Welle” (DW) nəşri məlumat yayıb.

 

Avropa Komissiyası bazar ertəsi, iyulun 1-də verdiyi açıqlamada, modelin istifadəçilərə fərdiləşdirilmiş reklam üçün məlumatlarının paylaşılmasına “sərbəst razılıq” verməyə şərait yaratmadığını bildirib.

 

“Meta”nın yeniliyi o deməkdir ki, 2023-cü il noyabrın 1-dən etibarən Aİ-də istifadəçilər feysbuk və Instagramdan reklamla pulsuz istifadəni davam etdirmək və ya bu platformalardan reklamsız istifadə etmək üçün abunəlik almaq seçimi edə bilərlər. Abunəlik bütün əlaqəli feysbuk və Instagram hesablarına şamil edilir və veb-sayt vasitəsilə alındıqda ayda 9,99 avro, iOS və Android tətbiqləri vasitəsilə satın alındıqda isə ayda 12,99 avro təşkil edir.

 

Avropa Komissiyasının bəyanatında deyilir: “İki variant arasında bu seçim istifadəçiləri bütün şəxsi məlumatlarının birləşməsinə razılıq verməyə məcbur edir və “Meta” sosial şəbəkələrinin daha az fərdiləşdirilmiş, lakin ekvivalent versiyasını əldə etmək imkanı vermir”.

 

Bununla belə, “Meta” təklif olunan modelin DMA tələblərinə uyğun olduğunu iddia edir. Şirkətin sözçüsü deyib: “Biz bu problemi həll etmək üçün Avropa Komissiyası ilə konstruktiv dialoqu davam etdirməyə hazırıq”.

 

Xatırlatmaq lazımdır ki, Aİ ölkələrində bu ilin mart ayından qüvvədə olan Rəqəmsal Bazarlar Aktı böyük texnologiya şirkətlərinin öz dominant mövqelərindən sui-istifadə etməsinin qarşısını almaq və yeni oyunçuların bazara daxil olmasına imkan yaratmaq məqsədi daşıyır. Hazırda tənzimləmə digər oyunçuların bazara çıxışına nəzarət edən altı böyük texnologiya şirkətinin 22 xidmətinə şamil edilir. Bunlara Amerikanın beş şirkəti – “Alphabet” (“Google”un ana şirkəti), “Amazon”, “Apple”, “Meta” və “Microsoft”, həmçinin Çinin “ByteDance” kompaniyası daxildir.

 

Bundan əlavə, DMA ilə yanaşı, Aİ ölkələrində artıq rəqəmsal xidmətlər haqqında qanun (Digital Services Act – DSA) mövcuddur ki, bu da internet platformalarını və sosial şəbəkələri istifadəçiləri qeyri-qanuni məzmun, mal və xidmətlərdən qorumaq üçün tədbirlər görməyə məcbur edir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox