AZ

Gələcəkdə pəncərələri əvəz edəcək şəffaf günəş panellərinin inqilabi texnologiyası - göydələnlər elektrik stansiyalarına çevrilə bilər!

97d6e202a0dc0e0bf1e0bae7197814c1.jpeg
25.09.2024 16:36

Təsəvvür edin ki, səhər saatlarında otağınızın pəncərəsindən süzülən günəş işığı sizin interyerinizi işıqlandırmaqla yanaşı, həm də evinizin enerji ehtiyacını ödəyir.

 

Bu ideya elmi fantastika kimi səslənsə də, inqilabi texnologiya olan şəffaf günəş panelləri sayəsində çox da uzaq olmayan gələcəkdə reallığa çevrilə bilər.

 

Şəffaf günəş panelləri Miçiqan Dövlət Universitetində aparılan tədqiqatların rəhbərliyi altında hazırlanıb.

 

Məlumdur ki, şəffaf günəş panellərinə doğru ilk addım 2014-cü ildə Riçard Lunt şəffaf günəş elementlərinin yaradılması ideyası üzərində işləməyə başlayanda atılıb. Araşdırma qrupunun ultrabənövşəyi və infraqırmızı şüaları elektrikə çevirə bilən materiallara diqqət yetirdiyi və bu materialların işığın görünməyən hissələrini udaraq enerjiyə çevirə bildiyi bildirilir.

 

Bu günə qədər inkişafı davam edən araşdırmalar nəticəsində əldə edilən şəffaf günəş panellərinin Ubiquitous Energy şirkəti tərəfindən ticari olaraq istehsal edilməsi planlaşdırılır. Bu şirkət göydələnlərin döşəməsindən tavanına qədər şəffaf günəş panelləri quraşdırmağı qarşısına məqsəd qoyub.

 

Beləliklə, yüksək həcmli istehsala başlanıldığı zaman şəhərlərdəki böyük binaların nəhəng enerji mənbələrinə çevrilməsi hədəflənir.

 

Dünyadakı milyardlarla kvadratmetr şüşə səthi nəzərə alsaq, şəffaf günəş panellərinin potensialı daha da aydın görünür.

 

Amerikada bu panellərin ölkənin enerji ehtiyacının 40%-ni qarşılaya biləcəyi təxmin edilir və damlardakı günəş panelləri ilə birləşdirildikdə bu nisbətin hətta 100%-ə çata biləcəyi ifadə edilir.

 

Bəs bu panellər necə işləyir?

 

Şəffaf günəş panelləri adi şüşəyə bənzəsə də, onların adi şüşədən fərqi ultrabənövşəyi (UV) və infraqırmızı (İQ) şüaları udaraq onları elektrik enerjisinə çevirə bilməsidir. İnkişaf etdirilən inqilabi texnologiya ilə şəffaf panellər görünən işığın böyük hissəsini şüşə kimi ötürsə də, adi şüşədən fərqli olaraq arxa planda enerji toplayır. Bu texnologiya sayəsində işığın görünməz dalğa uzunluqlarından istifadə edərək enerji istehsal etmək mümkün olur.

 

Xülasə, şəffaf günəş panelləri şəhərlərin daha dayanıqlı olmasında və onların karbon izlərini azaltmasında mühüm rol oynayacaq bir texnologiya kimi görünür.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox