Sürətli keçid kartının hansı üstünlükləri var?

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda istifadəçilərin rahatlığını təmin etmək məqsədilə mütəmadi yeniliklər tətbiq olunur. Sonuncu belə layihə avtomobil yolundan istifadə üçün sürətli keçid kartının tətbiqinə başlanılmasıdır.
AZƏRTAC-ın bölgə müxbiri ödənişli yolun başlanğıc nöqtəsi - Yaşma keçid məntəqəsində sürətli keçid kartı əldə edərək, tətbiqin üstünlüklərini araşdırıb.
Sürətli keçid kartını almaq üçün vətəndaş şəxsiyyət vəsiqəsini və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini təqdim etməlidir. Kartın qiyməti 5,90 manatdır. Sürücülər kartları Yaşma, Giləzi, Siyəzən, Gəndov, Quba, SDK (Xudat) ödəniş-keçid məntəqələrindən əldə edə bilərlər. Bundan başqa, Bakı şəhəri üzrə 2, 5, 6, 7 saylı, Sumqayıt şəhəri 2 saylı və Quba “ASAN xidmət” mərkəzlərindən də sürətli keçid kartlarını almaq mümkündür. Kartları əldə etmək üçün cəmi bir neçə dəqiqə vaxt sərf olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 20 nömrəli Xüsusi Təyinatlı Yol İdarəsi MMC-nin Analitik informasiya şöbəsinin rəisi Mətin Cəfərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, sürətli keçid kartının içərisində xüsusi çip yerləşdirilib. Ödənişli yoldan istifadə zamanı ödəmə keçid məntəqələrində quraşdırılmış xüsusi qurğular bu çipdəki məlumatları avtomatik olaraq oxuyur.
“Keçid kartları iki cür olur. Avtomobilin ön alın şüşəsinə və ön işıq lampasına yapışdırılan keçid kartları. Kart avtomobilin texniki vəziyyətinə və sürücünün istəyinə uyğun olaraq seçilə bilər. Məsələn, alın şüşəsində spiralvarı qızdırıcı olan avtomobillərdə kart ön işıq lampasına yapışdırılır. Lampaya yapışdırılan keçid kartı şəffafdır. Kart qoruyucunu lentdən ayıraraq avtomobilin ön alın şüşəsinin sağ küncünə də yapışdırmaq olur. Bundan sonra həmin avtomobil növbə gözləmədən, maneəsiz ödənişli yola keçid edə bilər”, - deyə Mətin Cəfərov söyləyib.
Sürətli keçid kartı əldə edən sürücülərin ən böyük üstünlüyü ondan ibarətdir ki, ödənişli yola giriş zamanı əlavə vaxt itirmirlər. Xüsusilə həftə sonları və bayram günləri bölgələrə səfər edənlər çox olur. Hazırda vətəndaşların əksəriyyəti keçid məntəqələrində bank kartı vasitəsi ilə (nağdsız) ödəniş edir. Belə olan halda keçiddə müəyyən vaxt ərzində növbədə gözləmək lazım gəlir. Sürətli keçid kartı istifadəçiləri isə eyni vaxtda digər keçiddən avtomobilini saxlamadan maneəsiz ödənişli yola daxil olurlar. Məhz buna görə də həmin kartları almaq bütün istifadəçilərə tövsiyə olunur. Çünki bir müddətdən sonra ödənişli yoldan yalnız sürətli keçid kartı sahiblərinin istifadə etməsi nəzərdə tutulur. Ödənişli yola daxil olanda və çıxış edəndə kartdakı balans sürücüyə lövhədə nümayiş olunur.
Amma sürücülər unutmamalıdır ki, yoldan istifadə üçün sürətli keçid kartı əldə etmək kifayət deyil. Kartın balansında vəsait olması da vacib şərtdir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 20 nömrəli Xüsusi Təyinatlı Yol İdarəsi MMC-nin İnformasiya Texnologiyaları üzrə şöbəsinin rəisi Rizvan Mansurov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, sürətli keçid kartının balansını satış məntəqələrində həm də onlayn artırmaq mümkündür.
“Sürətli keçid kartının balansını onlayn şəkildə artırmaq üçün www.odenisliyol.az rəsmi internet səhifəsinə daxil olmaq, sonra "Balans artırma" bölməsini seçmək lazımdır. Sonra qeydiyyat zamanı təqdim edilmiş hesab məlumatlarını (FİN kod və parol) daxil edərək, sistemə giririk. "Mənim səhifəm" bölməsindən "Etiket vəziyyəti" alt bölməsinə keçid edirik. Burada "Balans artırma" bölməsini seçib və bank kartı məlumatlarını daxil edərək, ödənişi tamamlayırıq. Balans artırma və sürətli keçid kartının satış əməliyyatını yalnız nağdsız şəkildə həyata keçirmək mümkündür”, - deyə Rizvan Mansurov bildirib.
Sürətli keçid kartının istifadəsi zamanı yaranan çətinlik və ya kart zədələndiyi halda satış məntəqələrinə, yaxud da aidiyyəti ofislərə yaxınlaşmaq lazımdır. Yaranmış çətinliklərlə bağlı *1009 nömrəli “Qaynar xətt”ə zəng etmək də mümkündür. Bundan başqa, (+994) 50 286-42-29 nömrəli “Whatsapp” da fəaliyyətə başlayıb ki, istifadəçilər yaranan problemlərlə əlaqədar yazılı, səsli mesaj göndərərək, dəstək xidməti ala bilərlər. Həmçinin www.odenisliyol.az rəsmi internet səhifəsi üzərindən və ya info@tollroad.az email ünvanına elektron məktubla müraciət etmək də mümkündür.
Ödənişli avtomobil yolunda istifadəçilər üçün yaxın gələcəkdə daha bir yeniliyin tətbiqi nəzərdə tutulub. Belə ki, hazırda yolda elektrik avtomobilləri üçün enerji doldurma məntəqələri fəaliyyət göstərir. Sürücülər üç ödəniş-keçid məntəqəsində bu xidmətdən faydalana bilərlər. Yaxın gələcəkdə yolda enerji doldurma məntəqələrinin sayı artırılmaqla yanaşı, iki böyük yanacaqdoldurma stansiyası da inşa ediləcək. Bu istiqamətdə artıq işlərə başlanılıb. Həmin yanacaqdoldurma məntəqələrinin ətrafında istirahət guşələri, avtomobillərin durması və sürücülərin dincəlməsi üçün şərait yaradılacaq.
Hazırda yolun başlanğıc nöqtəsi - Yaşma ödəniş-keçid məntəqəsinin yaxınlığında hər iki istiqamətdə istifadəçilərin dincəlməsi üçün istirahət guşələri fəaliyyət göstərir. Uzun yol qət edən sürücü və sərnişinlərin bu iaşə obyektlərində qidalanmaq və dincəlmək imkanları var.
Qeyd edək ki, ödənişli yol Prezident İlham Əliyevin iştirakı ilə 2023-cü il oktyabrın 20-də istifadəyə verilib. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun ödənişli hissəsi 129 kilometrdir.