AZ

“ASAN xidmət” və QDİƏT-in baş katibliyi birgə vebinar keçirib

 

06.03.2025 10:00

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibliyinin birgə təşkilatçılığı ilə İnstitusional İslahatlar və Yaxşı İdarəçilik üzrə İşçi Qrupunun vebinarı keçirilib.

 

Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən TED.az-a verilən məlumata görə, tədbir “Dövlət xidmətlərinin göstərilməsində səmərəli vətəndaş münasibətlərinin idarə edilməsi sistemlərinin inkişafı və tətbiqi” mövzusuna həsr olunub.

 

Əsas məqsəd dövlət xidmətlərinin göstərilməsi sahəsində keyfiyyətli vətəndaş münasibətlərinin idarə edilməsi sistemləri, vətəndaş məmnunluğunun artırılması olub. O cümlədən bu sahədə innovativ həllərin tətbiqi ilə əlaqədar təşkilata üzv ölkələrin aidiyyəti dövlət qurumları arasında birgə təcrübə mübadiləsinin aparılması diqqətdə saxlanılıb.

 

Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov müvafiq sistemlərin tətbiq edilməsinin vacibliyi, habelə bu sahədə “ASAN xidmət” mərkəzlərində istifadəsini tapmış innovativ həllər barədə məlumat verib.

 

Proqram çərçivəsində müxtəlif sessiyalarda Dövlət Agentliyinin nümayəndələri ilə yanaşı, müxtəlif ölkələrin müvafiq dövlət qurumlarının rəsmiləri tərəfindən geniş təqdimatlar edilib, suallar cavablandırılıb.

 

QDİƏT-in baş katibliyi müvafiq vebinarın təşkilata üzv dövlətlər arasında səmərəli təcrübə mübadiləsinin təşviqində xüsusi rolunu vurğulayıb.

 

Qeyd edək ki, Dövlət Agentliyi müvafiq sahədəki qabaqcıl təcrübəsinə əsasən QDİƏT-in İnstitusional İslahatlar və Yaxşı İdarəçilik İşçi Qrupunun 2023-2025-ci illər üçün ölkə üzrə koordinatoru seçilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox