AZ

Adil Vəliyev: Əmək və məşğulluq sahələrinin elektronlaşdırılması sahəsində mühüm addımlar atılıb

 

ae9fff30e739ac7fc812c6e802cd23c2.jpg
13.06.2024 16:57

Son dövrlərdə əmək və məşğulluq sahələrinin elektronlaşdırılması sahəsində mühüm addımlar atılıb.

 

TED.az xəbər verir ki, bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iyunun 13-də keçirilən iclasında deyib.

 

O bildirib ki, Azərbaycan Prezidentinin 2022-ci il 30 noyabr tarixli Fərmanına uyğun olaraq əmək münasibətləri, dövlət sosial sığorta sistemində fərdi uçot və məşğulluq sahələrində rəqəmsal xidmətlərin genişləndirilməsinin hüquqi əsaslarını müəyyən edən normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanmış bu layihə ümumilikdə 11 Qanun üzrə 142 adda dəyişikliyi ehtiva edir və onlardan da 5-i birbaşa, digərləri isə dolayısı ilə Komitənin qanunvericilik arealına aiddir. Konkret desək, Əmək Məcəlləsində 78, Məşğulluq haqqında Qanunda 36, İşsizlikdən sığorta haqqında Qanunda 8, Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Qanunda 2, Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında Qanuna 1 dəyişiklik nəzərdə tutulub.

 

A.Vəliyev deyib ki, son dövrlərdə əmək və məşğulluq sahələrinin elektronlaşdırılması sahəsində mühüm addımlar atılıb. Bunlardan ən əsası Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 2013-cü il 27 dekabr tarixli Qanunla edilmiş dəyişikliyə əsasən, əmək münasibətlərində elektronlaşmanın təmin edilməsi ilə bağlı “Əmək müqaviləsi bildirişi” altsisteminin yaradılması olub.

 

Bununla belə, əmək müqaviləsi bildirişinin qeydiyyatı ilə bağlı dəyişiklik nəticəsində əmək münasibətləri sahəsində proseslərin çox az bir hissəsi elektronlaşdırılmışdır. Hazırda əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitamının sənədləşdirilməsi, əmək şəraiti, əməyin ödənilməsi ilə bağlı əksər proseslər kağız daşıyıcıları vasitəsilə həyata keçirilir ki, bu da əmək münasibətləri sahəsində çevikliyin və operativliyin təmin olunmasına maneələr törədir. Sözügedən hallar, xüsusilə kiçik və orta sahibkarlıq subyektləri üçün izafi xərclər yaradır, onların insan resurslarını səmərəli idarəetməsinə imkan vermir. Həmçinin məşğulluq sahəsində qüvvədə olan qanunvericilik işaxtaran və işsiz şəxslərlə aparılan bəzi işlərin elektron informasiya texnologiyalarında istifadə edilməklə həyata keçirilməsi ilə bağlı tələblər müəyyən etsə də, bu sahədə də rəqəmsal idarəetmənin tətbiqini zəruri edən məsələlər mövcuddur.

 

Şöbə müdiri qeyd edib ki, hazırda mərkəzləşdirilmiş elektron informasiya sistemində “Məşğulluq” altsistemində vətəndaşlar üçün işaxtaran və işsiz şəxs kimi qeydiyyat, vakansiyalarla tanışlıq, işəgötürənlər üçün vakant iş yerlərinin elektron qaydada sistemə daxil edilməsi, göndərişlərin qəbulu və cavablandırılması, özünüməşğulluğa cəlb edilmiş şəxslər barədə məlumat kimi xidmətlər elektronlaşdırılıb. Lakin özünüməşğulluğa cəlb edilmiş şəxslərin innovativ əsaslarla öz biznesini seçmək imkanlarının yaradılması, haqqı ödənilən ictimai işlərin, sosial iş yerlərində əmək haqqının birgə maliyyələşdirilməsinin, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğunun təmin olunması və s. aktual məsələlərin tam rəqəmsallaşdırılması mümkün olmayıb.

 

Onun sözlərinə görə, təklif edilən dəyişikliklər və təkmilləşdirilən altsistem işçi qüvvəsi balansı, işçi qüvvəsinə təklif və tələbin ehtimal olunan həcmi və bölüşdürülməsi barədə dəqiq göstəricilər əsasında təhlillərin aparılmasına imkan yaradacaqdır. Belə ki, əmək və məşğulluq sahələrinin elektronlaşdırılması ilə bağlı görülən tədbirlər nəticəsində əldə olunan müsbət təcrübə, habelə həllini gözləyən təxirəsalınmaz sosial məsələlər bu sahədə elektronlaşmanın daha da genişləndirilməsinə, təkmilləşdirilməsinə, əmək və məşğulluq sahələrində tam rəqəmsal idarəetmənin tətbiqinə zəmin yaradıb. Beləliklə, layihədə nəzərdə tutulan dəyişikliklərə əsasən əmək, dövlət sosial sığorta sistemində fərdi uçot və məşğulluq sahələrində vahid platforma üzərindən rəqəmsal idarəetmənin tətbiqi digər inzibati orqanlar tərəfindən inzibati icraat çərçivəsində məlumat mübadiləsini asanlaşdırmaqla, bu sahədə süründürməçilik, saxtakarlıq, korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına gətirib çıxaracaq.

 

TED + bölməsindən digər xəbərlər

Daha çox