AZ

“Teleradio” İB: Radio-Televiziya Yayım Stansiyaları üçün xaricdən gətirilən qurğuların quraşdırılması bitmək üzrədir

 

eb4afb4ac7a398096edf739ad9cdcd00.jpeg
11.09.2024 17:20

Ölkəmizdə radioyayım şəbəkəsində təkmilləşdirmə işləri aparılmaqla ümumölkə radio kanallarının proqramlarının bütün ölkə ərazisində yayımının təmin olunması, bu istiqamətdə əsasən özəl yayımçılara dövlət dəstəyinin göstərilməsi, eləcə də yeni texnologiyaların tətbiqi ilə müəyyən ərazilərdə eyni radiotezlikdə radiosiqnalların qəbul imkanının yaradılması və nəticə etibarilə əhalinin yerli radio proqramlara əlçatanlığının daha yüksək səviyyəyə çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında” Sərəncamının əsas məqsədidir. Sentyabr ayının sonunadək isə Dəstə və Mincivan Radio-Televiziya Yayım Stansiyalarından (RTYS) yayımların təşkili nəzərdə tutulur.

 

Bu barədə TED.az-a açıqlamasında “Teleradio” İstehsalat Birliyinin Baş direktoru vəzifəsini icra edən Elman Həsənov bildirib.

 

Elman Həsənov qeyd edib ki, layihə çərçivəsində 17 Radio-Televiziya Yayım Stansiyasının (RTYS) hər birindən 15-dək ümumölkə radioproqramının yayımı nəzərdə tutulub.

 

“Bu stansiyalarda quraşdırılması məqsədilə ümumilikdə 176 ədəd FM radioyayım ötürücüsü, 60 dəst anten sistemi, 48 ədəd cəmləmə qurğusu, 67 ədəd peyk avadanlığı və 44 ədəd Radio Data Sistemi (RDS) qurğusu xaricdən tədarük edilib. Artıq bu qurğuların quraşdırma işləri başa çatmaq üzrədir. Sərəncama əsasən, bu işlərin aparılması üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 13,7 milyon manat vəsait ayrılıb. Eyni zamanda, bu vəsait hesabına müasir radioyayım şəbəkəsinin qurulması üçün infrastrukturda təkmilləşdirmə işləri aparılmaqdadır”, - deyə E.Həsənov vurğulayıb.

 

“Teleradio” İB-nin rəsmisi xüsusi qeyd edib ki, son 28 ildə respublika üzrə cəmi 117 FM ötürücü fəaliyyət göstərirdisə, bu layihə hesabına hazırda ötürücü sayı 2 dəfə artıb və hazırda 150-dən çox FM ötürücü fəaliyyət göstərir: “Yeni qurulan Radio Data Sistemi sayəsində obyektin hərəkətdə olduğu ərazi digər stansiyanın yayım dairəsinə daxil olduqda tezliklər avtomatik tənzimlənir. Artıq əhali bu üstünlükdən yararlana bilir. 17 stansiyadan 15-də müvafiq avadanlıqlar quraşdırılaraq yayımlar təşkil edilib. Sentyabr ayının sonunadək isə Dəstə və Mincivan RTYS-lərdən yayımların təşkili nəzərdə tutulur. Yayımlar təşkil edilən stansiyalar üzrə radiomonitorinqlərin aparılmasına başlanılıb. Qeyd edilən stansiyaların dayanıqlı elektrik enerjisi ilə təmin olunması istiqamətində icrası nəzərdə tutulan işlər başa çatmaq üzrədir. Dəstə RTYS-də yaxın günlərdə anten sistemlərinin quraşdırılmasına başlanılacaq. Belə ki, hər iki stansiya üzrə yayımların təşkili üçün intensiv işlər aparılır”.

 

Elman Həsənov onu da qeyd edib ki, FM radioyayımların təşkili məqsədilə istifadə olunan tezlik resurslarının məşğul edilməsi kənar FM radioyayımların ölkə ərazisində sayının azalmasına səbəb olacaq.

 

“Yeni ayrılmış 127 ədəd tezlik nominalının qonşu dövlətlər tərəfindən istifadəsi də mümkün olmayacaq. Bu da öz növbəsində ölkə ərazisində kənar FM radioyayımların sayının artmasının qarşısını alacaq. Layihənin icrası çərçivəsində Bakı şəhəri və Abşeron yarımadası ərazisində qəbul edilən FM radioyayımların bölgələrdə də qəbulu mümkün olacaq. Bununla da regionlarda qəbul olunan yerli FM radioyayımların sayı qonşu ölkələrin ərazisindən daxil olan kənar FM radioyayımların sayına nisbətdə artacaq”, - deyə Elman Həsənov diqqətə çatdırıb.

 

Qeyd edək ki, hazırda ayrılmış radiotezlik nominallarının qonşu ölkələrlə koordinasiyası, texniki-tənzimləmə, həmçinin stansiyalarda təmir işləri davam etdirilir.

TED + bölməsindən digər xəbərlər

Daha çox