Kibertəhlükələrdən qorunma yolları - Pedaqoji Universitetdə infosessiya
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi və “Kiber Klub”un birgə təşkilatçılığı ilə “Kibertəhlükəsizlik nədir” mövzusunda “İnfo Sec ADPU” məlumatlandırma sessiyası keçirilib.
ADPU-dan TED.az-a bildirilib ki, sessiyada prorektor Fikrət Rzayev müasir dövrdə geniş yayılmış kiber təhlükələrə qarşı bu cür maarifləndirmə tədbirlərinin vacibliyi barədə danışıb. O, Pedaqoji Universitetin gənclər üçün səmərəli və maarifləndirici olan bu kimi müsbət təşəbbüsləri daim dəstəklədiyini vurğulayıb.
Azərbaycan Kibertəhlükəsizlik Platformasının rəhbəri Şahin Əliyev və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədr müavini Rauf Cabarov ölkədə dövlət və qeyri-hökumət təşkilatları tərəfindən kibermaarifləndirmə sahəsində həyata keçirilən tədbirlərdən bəhs ediblər.
Kiber Təhlükəsizlik Platformasının müəllimi Sadiq Qasımov çıxışında kibertəhlükəsizlik sahəsində mövcud təhdidlər və bu təhdidlərin texniki tərəfləri barədə tələbələrə məlumat verib.
Platformanın əməkdaşı Rza Şirinov və “Paşa Bank”ın informasiya riskləri üzrə mütəxəssisi Elviyya Babazadə isə mövcud kibertəhlükələrdən qorunma yolları barədə danışıblar.
Sonda “Kiber Klub”un rəhbəri Cəmilə Qurbanova kibertəhlükəsizlik sahəsində gənclərin maarifləndirilməsinə yönəlmiş tədbirlərin davamlı olaraq təşkil ediləcəyini vurğulayıb.