İsveç kosmosa hərbi peyk buraxmağa hazırlaşır
İsveç Silahlı Qüvvələri “Heimdall 0-C” adlı ilk hərbi peykini “Esrange” kosmik bazasından orbitə çıxarmağa hazırlaşır.
TED.az xəbər verir ki, buraxılış 2027–2028-ci illər üçün nəzərdə tutulub. Sınaq peyki Yerin qütbləri üzərində orbitə çıxacaq və ölkənin kosmik imkanlarını nümayiş etdirmək, İsveçə müdafiə ehtiyacları üçün mühüm kosmik infrastruktura çıxış imkanı vermək üçün nəzərdə tutulub.
2030-cu ilə qədər daha bir neçə “Heimdall 1-4” peykinin orbitə çıxarılması planlaşdırılır ki, onlar Yer səthinin şəkillərini çəkmək və kəşfiyyat məlumatları toplamaq üçün nəzərdə tutulacaq. Bu, İsveç Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və ordusunun fəaliyyətinə dəstək olmalıdır. Buraxılacaq peyklər əvvəllər öz kosmik aktivlərinə malik olmayan İsveç ordusu üçün mühüm element olacaq.
Peyklərin istifadəsinə hazırlaşmaq məqsədilə Silahlı Qüvvələr bir il yarım əvvəl fəaliyyətə başlayan kosmik bölmə yaradıb. Bölmənin əsas məqsədi tədarükdən tutmuş peyklərin istismarına qədər bütün zənciri əhatə etməkdir. Bu bölmədən əlavə, Uppsalada Kosmik Əməliyyatlar Mərkəzinin yaradılmasına başlanılıb.