Əlilliyi olanların internetdən istifadəsi üçün bu imkanlar yaradılacaq – Rəsmi

“Əmək qabiliyyətinin müvəqqəti itirilməsi, şəxsin istifadə etdiyi reabilitasiya vasitələri, müraciət edənin bundan əvvəl əsassız əlillik təyinatının olub-olmaması, müvafiq qurumların elektron informasiya ehtiyatları ilə mübadilə şəraitində şəxslərin sürücülük vəsiqələri barədə məlumatlar altsistemə daxil edilib”.
Bu sözləri TED.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov deyib.
O, nazirliyin fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutduğu elektron xidmətlər barədə danışarkən bildirib ki, hazırda Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi, Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi elektron xidmətləri mövcuddur: “Həmçinin Əlilliyə görə əmək pensiyası, Sağlamlıq imkanları məhdud uşağa aylıq müavinət, Sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa qulluğa görə Prezidentin aylıq təqaüdü, Əlilliyə görə aylıq müavinət, Müharibə əlillərinə Prezidentin aylıq təqaüdü, 20 Yanvar əlillərinə Prezidentin aylıq təqaüdü, I dərəcə əlilliyə görə müavinət hüququ olanlara Prezidentin aylıq təqaüdü, I dərəcə əlilliyə görə pensiya hüququ olan şəxslərə Prezidentin aylıq təqaüdü, Müharibə əlillərinin uşaqlarına aylıq müavinət, 20 Yanvar əlillərinin uşaqlarına aylıq müavinət, Çernobıl qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqlarına aylıq müavinətin təyinatları elektron şəkildə, proaktiv qaydada həyata keçirilir. Yəni, vətəndaşların hansısa ünvana getmə və sənəd təqdim etmələrinə ehtiyac qalmır”.
F.Talıbov vurğulayıb ki, bundan başqa, nazirlik ötən il Əlilliyə dair e-arayış xidmətini də istifadəyə verib: “Bu, əlilliyi olanların hansısa ünvana getmədən e-sosial portalından əlilliyə dair arayış almalarına şərait yaradıb. Cari ildə nazirliyin “Əlillik” altsistemində də təkmilləşdirmələr aparılılaraq fuksionalllığı xeyli genişləndirilib. Altsistemə Səhiyyə Nazirliyinin hemodializ, vərəm, onkoloji, peşə xəstəliyi və gözdən əlilliyi olanlarla bağlı elektron reyestri daxil edilib. Həmçinin əlilliyin qiymətləndirilməsi ilə bağlı müraciətçinin əmək müqaviləsi barədə məlumatlar altsistemdə təkmilləşdirilib. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi, şəxsin istifadə etdiyi reabilitasiya vasitələri, müraciət edən şəxsin bundan əvvəl əsassız əlillik təyinatının olub-olmaması, müvafiq qurumların elektron informasiya ehtiyatları ilə mübadilə şəraitində şəxslərin sürücülük vəsiqələri barədə məlumatlar da altsistemə daxil edilib. 18 yaşına qədər uşaqların sağlamlıq imkanları məhdudluğunun ilkin və təkrar təyinatları zamanı onların hansı formada təhsil almaları barədə məlumatlar da sistemdə əhatə olunub. Bütün bunlar qeyd edilən məlumatlar əsasında əlilliyin daha təkmil, obyektiv, çevik qiymətləndirilməsinə imkan verəcək”.
Qurum rəsmisinin sözlərinə görə, nazirliyin təklifi ilə “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”ə “İnternet informasiya ehtiyatlarının əlilliyi olan şəxslər üçün müyəssərliyinə dair tələblər” əlavə edilib: “Əlavəyə görə, internet informasiya ehtiyatının müyəssərliyi aşağıdakı tələblərə uyğun olmalıdır: mətn olmayan kontent üçün mətn alternativləri, audio və videokontentlər üçün transkript, altyazılar, böyük şriftlərdən istifadə, şrift seçimi imkanları, rənglərin idarə olunması, simvollararası məsafənin təmin olunması; zamanın tənzimlənməsi funksiyasının yaradılması, kontenti oxumaq və istifadə etmək üçün istifadəçilərə kifayət qədər vaxtın verilməsi, proseslərin klaviaturadan idarə olunması mümkünlüyü, animasiyalı şəkillərin deaktiv edilməsi funksiyasının icra olunması, kontentin aydın və ardıcıl olması təmin edilməlidir; oxunaqlı və başa düşülən dildən istifadə olunmalıdır; kontentin cari və sonradan yaradılan müxtəlif istifadəçi veb-brauzer və yardımçı texnologiyalar ilə uyğunluğu təmin edilməlidir”.
Lamiyə SÜLEYMANLI