Kriptovalyuta bazarı: yeni qanuna ehtiyacımız var

Bu gün Azərbaycanda kriptovalyuta bazarı inkişafının ilkin mərhələsindədir. Cəmiyyətin kriptovalyutalara olan marağının yüksək olmasına baxmayaraq, ölkədə həyata keçirilən əməliyyatların həcmi qonşu Türkiyə və Qazaxıstanla müqayisədə xeyli azdır. Bunun əsas səbəblərindən biri ölkə bazarının kiçik ölçüsüdür. Belə ki, Azərbaycanda aktiv kriptovalyuta istifadəçilərinin sayı 500-600 nəfəri keçmir. Əsas əməliyyatlar xarici platformalarda həyata keçirildiyindən, dəqiq statistikanın əldə edilməsi çətinləşir. Ölkədə kriptovalyuta alqı-satqısı üçün yerli platformaların olmaması istifadəçilərin imkanlarını məhdudlaşdırır və xarici şirkətlərdən asılılığı artırır. Eyni zamanda, əhalinin böyük hissəsi kriptovalyutaların riskləri və imkanları barədə kifayət qədər məlumatlı deyil ki, bu da bazarın böyüməsini ləngidir. Bu sahənin inkişafı üçün yerli platformaların yaradılması, əhalinin maarifləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi mühüm rol oynayacaq.
Azərbaycanda kriptovalyutaların tənzimlənməsi üzrə qanunvericilik bazasının yaradılması investorlar, biznes və dövlət üçün şəffaf və təhlükəsiz mühit formalaşdırmaqla mühüm irəliləyiş olacaq. Hazırda ölkədə kriptovalyuta bazarı spontan şəkildə inkişaf edir ki, bu da həm bazar iştirakçıları, həm də ümumi maliyyə sistemi üçün müəyyən risklər yaradır. Kriptovalyuta sektorunun qanunvericilik çərçivəsində tənzimlənməsinin əsas üstünlükləri dünya təcrübəsi, faktlar və statistik göstəricilər əsasında təhlil edilə bilər.
Müvafiq qanunvericilik bazasının olmamasına baxmayaraq, rəqəmsal aktivlərə marağın sürətlə artması ölkə üçün unikal çağırışlar və imkanlar yaradıb. Bu ilin noyabr ayına qədər hüquqi bazanın hazırlanması Azərbaycanın kriptovalyuta bazarının inkişafında dönüş nöqtəsinə çevrilərək sözügedən sahədə şəffaflıq, təhlükəsizlik və dayanıqlı artımı təmin edə bilər.
Şübhəsiz ki, ölkədə kriptovalyuta bazarının tənzimlənməsinə ehtiyac var. Kriptovalyutalarla bağlı dəqiq qaydaların olmaması ölkənin maliyyə sisteminə, investorlarına və iqtisadi sabitliyinə ciddi risklər yaradır.
Azərbaycanda kriptovalyuta platformalarının, birjalarının və investisiya fondlarının fəaliyyətini tənzimləyən qanunların olmaması fırıldaqçılıq üçün əlverişli mühit yaradır və istifadəçilər hüquqi qorunmadan məhrum qalır. Kriptovalyuta fırıldaqçıları investorların 3,8 milyard dollarını mənimsəyib. Kriptobirjalara edilən haker hücumlarının yaratdığı zərər 1,7 milyard dollar təşkil edib. Binance Smart Chain-in təhlükəsizliyi pozulub və 100 milyon dollar oğurlanıb.
Xatırladaq ki, FTX birjası iflas edərək investorların 8 milyard dollardan çox vəsaitini itirib. MDB ölkələrində də oxşar hallar qeydə alınıb. Məsələn, beynəlxalq kriptobirja Thodex fəaliyyətini dayandırıb və 400 mindən çox müştəri pullarını geri ala bilməyib.
Problemin həlli üçün kriptobirjalara və rəqəmsal maliyyə platformalarına lisenziyalaşdırma tətbiq edilməli, ənənəvi bank sistemlərində olduğu kimi kriptovalyuta depozitlərinin sığortalanması təmin olunmalı və istifadəçiləri fırıldaqçılıqdan qorumaq üçün hüquqi mexanizmlər işlənib hazırlanmalıdır.
Kriptovalyutalar anonim və qanunsuz maliyyə əməliyyatları üçün geniş istifadə olunduğuna görə pul yuyulması, terrorizmin maliyyələşdirilməsi və kölgə iqtisadiyyatının inkişafı üçün əlverişli vasitəyə çevrilir. Belə ki, Chainalysis-in hesabatına görə, kriptovalyutalar vasitəsilə 20,6 milyard dollar həcmində qanunsuz vəsait yuyulub. Məsələn, "Lazarus" adlı kiberqruplaşma kriptovalyuta sxemləri vasitəsilə 1 milyard dollar oğurlayıb. 2022-ci ildə terror təşkilatlarının kriptovalyuta mikserləri vasitəsilə 2,8 milyard dollardan çox vəsait transfer etdiyi məlum olub. MDB ölkələrində də oxşar hallar müşahidə edilir.
Rusiyada hüquq-mühafizə orqanları 500 qanunsuz kriptovalyuta mübadilə platformasını aşkarlayıb. Gürcüstanda isə xüsusi xidmət orqanları ekstremist qrupların kriptovalyuta vasitəsilə maliyyələşdirilmə sxemini üzə çıxarıb. Bunun qarşısını almaq üçün KYC (Know Your Customer – Müştərini Tanı) və AML (Anti-Money Laundering – Pul Yuyulmasına Qarşı Mübarizə) prosedurlarının tətbiqi, şübhəli əməliyyatları izləmək üçün milli kriptovalyuta reyestrinin yaradılması və anonim kriptovalyuta xidmətlərinin qadağan olunması vacibdir.
Azərbaycanda kriptovalyutaların tənzimlənməməsi səbəbindən investorlar əsasən xarici platformalardan istifadə etməyə məcburdurlar ki, bu da kapital axınına və dövlət büdcəsinin vergi gəlirlərinin itirilməsinə gətirib çıxarır.
Dünyada kriptovalyuta əməliyyatlarının ümumi həcmi 16 trilyon dolları ötüb, Cənubi Qafqaz ölkələrində kriptovalyuta əməliyyatlarının həcmi isə 2 milyard dollar təşkil edib. Əgər bu əməliyyatlara 5-10% vergi tətbiq olunsa, dövlət illik 200 milyon dollaradək əlavə gəlir əldə edə bilərdi. Qazaxıstanın təcrübəsi göstərir ki, kriptovalyuta mədənçiliyinə (mayninq) tətbiq edilən vergi nəticəsində dövlət büdcəsinə bu ilin sonunadək 100 milyon dolların daxil olacağı gözlənilir.
Problemi həll etmək üçün kriptovalyuta biznesinin leqallaşdırılması və vergiyə cəlb edilməsi, beynəlxalq standartlara uyğun fəaliyyət göstərən milli kriptobirjanın yaradılması və mayninq əməliyyatlarına vergi və komissiya haqlarının tətbiq edilməsi tələb olunur.
Dövlətin kriptovalyuta sektorunu tənzimləməməsi, bu sahədə effektiv nəzarət mexanizmlərinin olmaması maliyyə və iqtisadi risklər yaradır.
Hazırda dünyada 420 milyondan artıq insan kriptovalyutadan istifadə edir.
Kriptovalyutalar beynəlxalq ticarətdə də mühüm rol oynamağa başlayıb. Məsələn, Çin rəqəmsal yuanı dövlət iqtisadi strategiyasına daxil edib, Birləşmiş Ərəb Əmirlikləri isə milyardlarla investisiya cəlb edərək blokçeyn ekosistemi yaradır. Əgər dövlət kriptovalyutaları tənzimləməsə, bu aktivlər kölgə iqtisadiyyatının bir hissəsinə çevrilə bilər ki, bu da ənənəvi maliyyə institutlarını zəiflədə bilər. Problemi həll etmək üçün kriptovalyuta xidmətlərinin və platformalarının dövlət qeydiyyatına alınması, bütün kripto əməliyyatlarını izləyən dövlət tənzimləyici qurumunun yaradılması və dövlətin rəqəmsal valyutasının buraxılması istiqamətində addımlar atılmalıdır.
Azərbaycanda kriptovalyutalarla bağlı qanunvericiliyin olmaması iqtisadiyyat, təhlükəsizlik və maliyyə bazarı üçün ciddi risklər yaradır. İnvestorlar fırıldaqçılıqdan qorunmur, kriptovalyutalar qeyri-rəsmi sxemlərdə istifadə olunaraq milli təhlükəsizliyə təhdid yaradır, kapitalın xaricə axması nəticəsində dövlət milyonlarla potensial vergi gəlirindən məhrum olur və tənzimləyici mexanizmlərin olmaması səbəbindən sektorda maliyyə sabitliyi təmin edilmir. Azərbaycanın kriptovalyuta bazarında şəffaf və dayanıqlı inkişafı üçün müvafiq qanunvericilik bazasının yaradılması mühüm əhəmiyyət kəsb edir.
Kriptovalyuta bazarının tənzimlənməsi Azərbaycana şəffaflığı artırmağa, investorları qorumağa, beynəlxalq investisiyaları cəlb etməyə və dövlət büdcəsinin gəlirlərini artırmağa imkan verəcək. Dəqiq hüquqi normaların tətbiqi ölkənin Cənubi Qafqazda rəqəmsal maliyyə sənayesinin mərkəzinə çevrilməsinə şərait yarada bilər.
Azərbaycanda kriptovalyuta aktivlərinə sərmayə qoyan investorlar hazırda hüquqi müdafiədən məhrumdurlar. Əgər kriptovalyuta birjası və ya platforması fəaliyyətini dayandırır, haker hücumuna məruz qalır və ya fırıldaqçılıq yolu ilə vəsaitləri mənimsəyirsə, istifadəçilər pullarını itirir və hüquqi yolla kompensasiya tələb edə bilmirlər.
Kriptovalyutalar anonim maliyyə əməliyyatları üçün geniş istifadə olunduğuna görə onlar pul yuyulması, cinayətkar qruplaşmaların maliyyələşdirilməsi və terrorizm üçün əlverişli vasitə hesab olunur. Azərbaycanda bu sahənin tənzimlənməməsi dövlət orqanlarının şübhəli əməliyyatları izləməsinə və nəzarət mexanizmlərini tətbiq etməsinə mane olur. Beynəlxalq Maliyyə Monitorinqi Qrupu (FATF) hesab edir ki, tənzimlənməyən yurisdiksiyalarda kriptovalyuta əməliyyatlarının 30%-i cinayət sxemləri ilə bağlı ola bilər. 2022-ci ildə qlobal miqyasda mikserlər (kriptovalyuta ödənişlərini anonimləşdirmək üçün xüsusi xidmətlər) vasitəsilə 7,8 milyard dollar həcmində vəsait yuyulub.
Gürcüstanda 2023-cü ildə xüsusi xidmət orqanları ekstremist qrupların maliyyələşdirilməsində istifadə edilən kriptovalyuta şəbəkəsini aşkarlayıb və əməliyyatda 100-dən çox anonim kriptovalyuta cüzdanı iştirak edib.
Azərbaycanda bütün iri kriptovalyuta birjaları xaricdə yerləşdiyindən yerli investorlar məcburən xarici platformalardan istifadə edirlər. Bu isə kapitalın ölkədən çıxmasına və onun üzərində heç bir vergi nəzarətinin olmamasına səbəb olur. Sonuc ölkə iqtisadiyyatı üçün ciddi maliyyə itkisi deməkdir.
Problemin həlli üçün Azərbaycanda kriptovalyuta əməliyyatlarının leqallaşdırılması və məcburi vergiyə cəlb edilməsi, beynəlxalq standartlara uyğun fəaliyyət göstərən milli kriptovalyuta birjasının yaradılması və transsərhəd kriptovalyuta əməliyyatlarının tənzimlənməsi mexanizmlərinin hazırlanması tələb olunur.
Azərbaycanda kriptovalyuta sahəsinin qanunvericilik çərçivəsində tənzimlənməməsi maliyyə sisteminə və milli təhlükəsizliyə ciddi təhdidlər yaradır. Bu sahədə qanunvericilik bazasının olmaması investorların müdafiəsiz qalmasına və fırıldaqçılıq hallarının geniş yayılmasına gətirib çıxarır, ölkədən kapital axını baş verir və vergi nəzarətinin olmaması nəticəsində dövlət büdcəsi milyonlarla potensial gəlirdən məhrum olur. Azərbaycanda kriptovalyuta bazarının tənzimlənməsi dövlətə bu sektora nəzarət etməyə, istifadəçiləri qorumağa və büdcə gəlirlərini artırmağa imkan verəcək. Qlobal təcrübə göstərir ki, kriptovalyuta sahəsinin tənzimlənməsi yalnız riskləri azaltmaqla qalmır, həm də ölkəni investorlar və fintek şirkətləri üçün daha cəlbedici edir.
Donald Trampın seçkilərdə qələbəsindən sonra ABŞ kriptovalyuta bazarının tənzimlənməsinə xüsusi diqqət ayırmağa qərar verdi. Azərbaycan da qlobal trendləri nəzərə alaraq, beynəlxalq təcrübədən ilhamlanaraq bu sahədə hüquqi çərçivələrin hazırlanmasına start verib. İlk addım kimi kripto "sandbox" (qum qutusu) modeli yaradılması ola bilər.
"Sandbox" innovativ şirkətlərə öz həllərini nəzarət olunan mühitdə test etməyə imkan verir ki, bu da tənzimləyiciyə həmin şirkətlərin fəaliyyətini araşdırmaq və riskləri qiymətləndirmək şansı tanıyır. Belə yanaşma bazara kəskin müdaxilə etmədən qabaqcıl təcrübələrin mənimsənilməsinə şərait yaradır.
İlk növbədə, rəqəmsal aktivlərin alqı-satqısını həyata keçirən platformaların fəaliyyətini tənzimləyən qanunların qəbul edilməsi nəzərdə tutulur. Bəhs etdiyimiz platformalar dövlət qeydiyyatından keçməli və təhlükəsizlik, şəffaflıq üzrə müəyyən edilmiş tələblərə uyğun fəaliyyət göstərməlidir. Təhlükəsizlik tədbirlərini gücləndirmək və fırıldaqçılıq hallarının qarşısını almaq üçün KYC ("Müştərini tanı") prosedurunun tətbiqi planlaşdırılır. Bu, əməliyyatların daha yaxşı nəzarət edilməsinə və istifadəçilərin şəxsiyyətinin dəqiq müəyyən olunmasına imkan verəcək. Kriptovalyuta əməliyyatlarından əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi dövlət büdcəsinin doldurulması və bazarın şəffaflığının artırılması baxımından vacib addım sayılır. İlkin mərhələdə 5%-15% arasında aşağı vergi dərəcəsinin tətbiqi ola bilər ki, nəticədə əməliyyatların leqallaşdırılmasını stimullaşdıraraq yeni investorların cəlb edilməsinə kömək edə bilərik. Türkiyədə kriptovalyutalara qarşı sərt tənzimləmə tədbirləri tətbiq edildiyini nəzərə alsaq, Azərbaycanda daha çevik yanaşma tətbiq edilməlidir Bu, bazarın rəqabət qabiliyyətini qorumaq və onun durğunluğa uğramasının qarşısını almaq üçün vacibdir.
Dünya təcrübəsi göstərir ki, Avropa İttifaqında 2023-cü ildə qəbul edilən "Markets in Crypto-Assets" (MiCA) qanunu kriptovalyuta aktivlərini tənzimləyərək xidmətlərin lisenziyalaşdırılmasını və investorların müdafiəsini təmin edir. MiCA qanununun tətbiqindən sonra Avropa İttifaqında kriptovalyuta bazarına inam artıb və institusional investisiyalar genişlənib. MDB ölkələrindən Qazaxıstanda 2022-ci ildə kriptoaktivlərin tənzimlənməsinə dair qanun qəbul edildikdən sonra ölkəyə mayninq və fintek sahəsinə 500 milyon dollardan çox xarici investisiya cəlb olunub və kriptovalyuta birjalarına nəzarət gücləndirilib.
Kriptovalyuta sektorunun rəsmi tənzimlənməsi Azərbaycanı beynəlxalq şirkətlər və fondlar üçün cəlbedici yurisdiksiyaya çevirəcək. Hazırda qlobal investorlar əsasən biznes mühitinin aydın qaydalara əsaslandığı ölkələrə üstünlük verirlər, çünki bu, hüquqi və maliyyə risklərini azaldır. Rəsmi tənzimləmə şəffaflığı artıracaq, şirkətlərin leqal fəaliyyət göstərməsinə, lisenziya almasına və kapital cəlb etməsinə şərait yaradacaq. Eyni zamanda, bank sektorunun kriptovalyuta şirkətləri ilə əməkdaşlığı yaxşılaşacaq və maliyyə əməliyyatları daha asan reallaşacaq.
PwC-nin məlumatına görə, kriptovalyutaların tənzimləndiyi ölkələrdə blokçeyn texnologiyalarına və kriptosektora investisiyalar hər il 25-40% artır. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri 2022-ci ildə kriptoaktivlər üzrə qanunvericilik qəbul etdikdən sonra kriptovalyuta startapları üçün əsas mərkəzə çevrilib və bu sahəyə 1,5 milyard dollardan çox vençur kapitalı cəlb edib. Azərbaycanın bu sahədə tənzimləmə aparması iqtisadiyyatı şaxələndirmək, fintek sektorunu inkişaf etdirmək və blokçeyn texnologiyaları üzrə yüksək ixtisaslı mütəxəssisləri cəlb etmək baxımından mühüm imkanlar yaradacaq.
Kriptovalyuta bazarının tənzimlənməməsi əməliyyatların əhəmiyyətli hissəsinin "kölgə iqtisadiyyatı"nda həyata keçirilməsinə, vergilərin ödənilməməsinə və dövlət nəzarətinin olmamasına səbəb olur. Əgər bu sahədə vergitutma sistemi tətbiq olunarsa, dövlət büdcəsi üçün yeni gəlir mənbələri formalaşa bilər.
Kriptovalyutalarla aparılan əməliyyatlardan gəlir vergisi (qiymətli kağızların vergiyə cəlb edilməsi prinsipi əsasında), kriptovalyuta birjalarının və platformalarının göstərdiyi xidmətlərə əlavə dəyər vergisi (ƏDV), eləcə də mayninq fəaliyyətinə görə vergi tətbiq edilə bilər. Qazaxıstan bu sahədə uğurlu nümunələrdən biridir: 2022-ci ildə mayninq vergisinin tətbiqindən sonra ölkə cəmi bir il ərzində 7,5 milyard tenge (16 milyon dollar) həcmində vergi gəliri əldə edib. 2025-ci ilə qədər bu rəqəmin 100 milyon dollara çatacağı gözlənilir.
Kriptovalyutalarla bağlı qanunvericiliyin formalaşdırılması Azərbaycanda təkcə formal addım deyil, eyni zamanda strateji əhəmiyyətli qərara çevrilə bilər. Bu, investorların və istifadəçilərin inamını artıracaq, bazarın təhlükəsizliyini təmin edəcək, xarici investisiyaları cəlb edərək fintek sektorunun inkişafını sürətləndirəcək və dövlətin maliyyə axınları üzərində nəzarətini gücləndirərək vergi gəlirlərini artıracaq. Dünya təcrübəsinə və digər ölkələrin uğurlu nümunələrinə əsaslanaraq Azərbaycan bu sahədə fəaliyyətini sürətləndirməlidir.
Gərəkli tədbirlərin görülməsi isə vətəndaşlarını kriptovalyuta bazarının risklərindən qorumaqla yanaşı, Bakını regionun rəqəmsal maliyyə texnologiyaları mərkəzinə çevirmək imkanı yaradacaq.
Kriptovalyuta bazarı üçün hüquqi çərçivənin formalaşdırılması Azərbaycanın iqtisadi inkişafı üçün yeni perspektivlər açır. Düzgün və tarazlaşdırılmış tənzimləmə innovasiyalarla nəzarət arasında balansı qorumağa imkan verəcək, bazarın təhlükəsiz və sabit inkişafını təmin edəcək. Mövcud çağırışlara baxmayaraq, Azərbaycan XXI əsrdə rəqəmsal maliyyə texnologiyaları sahəsində regional liderlərdən birinə çevrilmək üçün bütün imkanlara malikdir və vətəndaşlarına yeni investisiya və sahibkarlıq imkanları təqdim edə bilər.