AZ

Bakı tıxaclarına mikromobilliklə çözüm: kiçik vəsaitlə böyük dəyişikliklər

3f1cd879f1940634714d38c907358e8e.jpg
20.02.2025 17:40

Proqnozlara görə, 2050-ci ilə qədər dünya əhalisinin üçdə ikisi şəhərlərdə yaşayacaqdır. Belə olan halda isə, insanların şəhər mühitində necə hərəkət etməsi məsələsi daha da aktuallaşır. İctimai nəqliyyat hər gün çoxsayda insanın nəqliyyat tələbatını ödəsə də, alternativlərin olmadığı şəhərlərdə insanlar əsasən şəxsi avtomobillərə üz tutur ki, bu da yollarda sıxlıqların artmasına, ekologiyanın daha çox çirklənməsinə, parklanma problemlərinin yaranmasına gətirib çıxarır.

 

Lakin son illər dünya təcrübəsinə nəzər yetirsək, görərik ki, artıq iri şəhərlərdə yeni çağırışlar müasir şəhər mühitinin daha çox ictimai nəqliyyat və insan yönümlü olması, insanların şəxsi nəqliyyat vasitələrindən deyil, ictimai nəqliyyatdan və ya alternativ nəqliyyat növlərindən istifadəyə təşviq edilməsidir. Bunun üçün isə ilk öncə aktiv şəhər mobilliyinin inkişaf etdirilməsinə, ictimai nəqliyyat və piyada infrastrukturunun təkmilləşdirilməsinə, velosiped və digər alternativ nəqliyyat vasitələri üçün lazımi infrastrukturun qurulmasına ehtiyac vardır.

 

Bütün bunlar nəzərə alınaraq, paytaxt Bakıda da mobilliyin transformasiyası proqramı çərçivəsində mikromobillik infrastrukturunun qurulması, inkişafı və təşviqi üzrə işlər həyata keçirilməyə başladı.

 

Belə ki, 2023-cü ilin ortalarından etibarən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərində mikromobillik zolaqlarının salınması istiqamətində araşdırmalara başlanıldı. Təhlillər nəticəsində bir “Konseptual Plan” hazırlandı ki, 3 mərhələdən ibarət olan sözügedən Plana əsasən şəhərin mərkəzi hissəsini və mərkəz ətrafı əraziləri əhatə edən 100 km uzunluğunda mikromobillik zolaqları şəbəkəsinin formalaşdırılması hədəflənir.

 

Artıq keçən zaman ərzində Bakı şəhərində mikromobilliyin artırılması, şəhər daxilində nəqliyyat sisteminin təhlükəsizliyinin yüksəldilməsi, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istifadəsinin artırılması və atmosferə atılan tullantıların azaldılması məqsədilə həyata keçirilən mobillik proqramı artıq müsbət nəticələr verməkdədir. Bu təşəbbüs, həm şəhər sakinləri üçün rahat və əlverişli nəqliyyat şəraiti təmin edib, həm də ətraf mühitin qorunmasına ciddi töhfə verib.

 

Mikromobillik şəhər daxilində qısa məsafələr üçün çevik və sürətli nəqliyyat vasitələrinin istifadəsini əhatə edir. Bakı şəhərində bu istiqamətdə ən çox istifadə edilən vasitələrdən biri elektrikli skuterlər və velosipedlərdir. Şəhər üzrə velosiped yollarının genişləndirilməsi, elektrikli skuterlərin kirayə xidmətlərinin artırılması və müasir parklar yaradılması mikromobilliyi daha cazibədar edib. Bu nəqliyyat vasitələri, xüsusilə şəhərin sıx və tıxaclı ərazilərində, tıxacların azaldılması və daha sürətli hərəkət etməyə imkan verib. Mikromobilliyin təşviqi, həmçinin nəqliyyatın sosial inklüzivliyini də artırıb, çünki insanlar bu vasitələrdən asanlıqla istifadə edərək daha sərbəst və sərfəli şəkildə hərəkət edə bilirlər.

 

Hazırda birinci mərhələ və ikinci mərhələ üzrə 35 km uzunluğunda mikromobillik zolaqları təşkil edilmişdir. Təhlükəsizliyin təmin edilməsi məqsədilə Bakı şəhərində ilk dəfə olaraq nizamlanan yol kəsişmələrində mövcud işıqfor dirəklərinin üzərinə 25 ədəd velosiped bölmələri quraşdırılmışdır. Digər nəqliyyat vasitələrinin mikromobillik zolaqlarına daxil olmasının qarşısını almaq və mikromobillik istifadəçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə “bufer zona”lara 2000-dən artıq təhlükəsizlik sədləri yerləşdirilmişdir. Hazırda da bu istiqamətdə işlər davam etdirilir. Növbəti addımlarda Planda əksini tapmış digər küçə və prospektlərdə də mikromobillik zolaqlarının salınması və həmin zolaqların bir-biri ilə əlaqələndirilmə prosesinin tamamlanması nəzərdə tutulur.

 

Yaxın iki il ərzində ölkə ərazisində AYNA tərəfindən böyük infrastruktur işləri görülüb.

 

Belə ki, Bakı şəhərində 31 küçə və prospektdə mikromobillik zolağı təşkil edilib;

Əhalinin mikromobillik vasitələrindən təhlükəsiz və əlverişli formada istifadəsi üçün zolaqların əlaqəliliyi təmin edilir;

Zolaqların 100 km-ə çatdırılması nəzərdə tutulur;

Xüsusi yol nişanları, zolaqlar arasındakı bufer zonalarda təhlükəsizlik sədləri quraşdırılır;

Bakıda ilk dəfə işıqforlara mikromobillik istifadəçiləri üçün bölmələr əlavə edilir;

Kiçik elektrik nəqliyyat vasitələri və velosipedlər üçün parklanma yerləri təşkil edilir;

Parklarda, piyada zonalarında (Dənizkənarı Milli Park, metronun “28 May” stansiyasının qarşısındakı meydan və s. ) mikromobillik vasitələrindən istifadə edilməsi üçün infrastruktur yaradılır.

 

Şəhər daxilində nəqliyyatın təhlükəsizliyini artırmaq da bu proqramın mühüm məqsədlərindən biridir. Mikromobillik vasitələrinin daha geniş istifadə edilməsi ilə əlaqədar olaraq, təhlükəsizlik tədbirləri də gücləndirilib. Velosiped yollarının və skuter istifadəçiləri üçün xüsusi zolaqların yaradılması, onların avtomobillərdən ayrılaraq daha təhlükəsiz şəkildə hərəkət etmələrini təmin edib. Eyni zamanda, şəhər daxilində yollarda daha çox işıqlandırma və yol nişanlarının yerləşdirilməsi, həmçinin sürət həddinin tənzimlənməsi ilə bu vasitələrin təhlükəsiz istifadəsi üçün şərait yaradılıb. Bu tədbirlər, yol qəzası risklərini azaldıb və insanlara daha təhlükəsiz nəqliyyat mühiti təqdim edib. Digər nəqliyyat vasitələrinin mikromobillik zolaqlarına daxil olmasının qarşısını almaq və mikromobillik istifadəçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə “bufer zona”lara 2000-dən artıq təhlükəsizlik sədləri yerləşdirilmişdir. Hazırda da bu istiqamətdə işlər davam etdirilir. Növbəti addımlarda Planda əksini tapmış digər küçə və prospektlərdə də mikromobillik zolaqlarının salınması və həmin zolaqların bir-biri ilə əlaqələndirilmə prosesinin tamamlanması nəzərdə tutulur. Təbii ki, mikromobillik istifadəçilərin hüquqları və vəzifələri də müvafiq qanunlarla tənzimlənir.

 

Ötən il ilk dəfə olaraq, Bakı şəhərində “Bikesharing” dediyimiz velosipedlərin kirayəsi xidməti fəaliyyətə başlamışdır. Bu sistemin əsas üstünlüklərindən biri odur ki, insanlar velosipedləri kirayə götürdükləri məntəqələrə deyil, səfər etdikləri əraziyə ən yaxın məsafədə yerləşən parklanma məntəqələrinə təhvil verə bilirlər. Hazırda Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 70 məntəqədə velosiped konstruksiyaları quraşdırılmış, həmin parklanma məntəqələrinə velosipedlərin kirayə qaydalarını özündə əks etdirən məlumat lövhələri yerləşdirilmişdir. Yaxın günlərdə bu tip parklanma məntəqələrinin sayı daha da artırılacaq.

 

Mikromobilliyin əhəmiyyətinə nəzər salsaq görərik ki,

 

Bakı şəhərində operatorlar tərəfindən 4760 ədəd mikromobillik vasitəsi icarəyə verilir;

Sentyabr-dekabr ayları ərzində operatorlar tərəfindən 850 944 sifariş qəbul olunub;

Mikromobillik vasitələri ilə 2.244.302 km məsafə qət edilib;

Qısa məsafələrdə alternativ nəqliyyat vasitəsidir;

Mikromobilllik şəbəkəsinin genişləndirilməsi ümumilikdə şəhərdə vətəndaşların mobilliyini artırır;

Ekoloji mühitə və əhalinin sağlamlığına müsbət təsir edir.

 

Mikromobillikdən istifadə mərkəzdə avtomobillərdən istifadəni və sıxlığı azaldır. Mikromobillik vasitələri ilə qət edilmiş km-lər əks halda avtomobillərlə ediləcəkdir. Əvvəlcədən infrastruktur yaradılmadan mikromobilliyin inkişafı mümkün deyil. Bütün ölkələrdə bu belə olub.

 

Zolaqlar çəkilərkən əksər hallarda mütləq avtomobil zolaqları azaldılmayıb. Nümunələr: Parlament prospekti, Mikayıl Müşfiq küçəsi, 28 May, Dilarə Əliyeva küçəsi və s.

 

Velosiped və skuterlərin vahidə düşən istifadəsi beynəlxalq göstəricilərdən yüksəkdir. Belə ki, beynəlxalq göstəricilərə əsasən, 1 velosiped gün ərzində 4-5 dəfə istifadə olunursa, Bakıda bu say 12-dir. Bu da mikromobillik vasitələrinin artırılmasına tələbatın olduğunu göstərir.

 

Yolların genişləndirilməsi ilə mərkəzdə sıxlığın azaldılması mümkün deyil. Bu, yalnız mərkəzdə avtomobillərin istifadəsinin azaldılması, əvəzində ictimai nəqliyyatın (metro, avtobus) inkişaf etdirilməsi, onlara üstünlük verilməsi və alternativ mobillik imkanları ilə mümkündür: mikromobillik və piyada səfərlərinə imkan yaradılması.

 

AYNA tərəfindən təşkil edilmiş mikromobillik zolaqları “Pop up” tipli mikromobillik zolaqları adlandırılır ki, burda söhbət mövcud zolaqların ölçülərinin standartlara uyğunlaşdırılaraq, yolun kənarında ayrılmış mikromobillik zolaqlarının təşkilindən gedir. Bu təcrübə, İspaniyanın Barselona, Portuqaliyanın Braqa, ABŞ-ın Nyu - York, Mayami kimi bir çox şəhərlərdə mövcuddur. Bakı şəhərində mikromobillik zolaqları təşkil edilmiş əksər küçə və prospektlərdə mikromobillik zolaqları digər zolaq sayları sabit saxlanılmaqla təşkil edilib.

 

Bakı şəhərində mikromobillik və ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsinin artması atmosferə atılan tullantıların azalmasına səbəb olub. Avtomobillərin sayının azaldılması və daha ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istifadəsi ilə şəhərin havasında daha az karbon dioksid və digər zərərli qazlar mövcud olur. Elektrikli və hibrid nəqliyyat vasitələrinin artan istifadəsi, həmçinin səs-küyün və hava çirkliliyinin azalmasına da gətirib çıxarıb. Bu, şəhər sakinlərinin sağlamlığını qoruyur.

 

Mikromobilliyin və ekoloji təmiz nəqliyyat sistemlərinin inkişafı, yalnız ətraf mühitə deyil, həm də sosial və iqtisadi sahəyə müsbət təsir göstərib. Elektrikli skuterlər və velosipedlər daha əlverişli nəqliyyat vasitələri kimi şəhər sakinlərinə gündəlik hərəkətlərində asanlıq və rahatlıq gətirib. Bununla yanaşı, bu nəqliyyat vasitələrinin istifadəsi iqtisadi baxımdan da sərfəlidir, çünki onlar az enerji sərf edir və digər nəqliyyat növlərinə nisbətən daha ucuzdur. Şəhərdə iş yerləri yaradan yeni mikromobillik xidmətləri (velosiped kirayəsi, skuter kirayəsi və s.) də iqtisadi fayda təmin edib.

 

Nəticə olaraq, Bakı şəhərində mikromobilliyin artırılması, təhlükəsiz və ekoloji cəhətdən təmiz nəqliyyat sistemlərinin inkişafı ilə bağlı proqramın icrası artıq müsbət nəticələr verib. Artıq paytaxt sakinləri velosiped və skuterlərdən daha tez-tez istifadə etməyə başlayıb. Bu say getdikcə artmaqdadır. Proqramın davamı olaraq, mikromobillik sistemlərinin genişləndirilməsi və təkmilləşdirilməsi ilə şəhər daxilində nəqliyyatın daha səmərəli və insanyönümlü olması təmin ediləcəkdir.

TED + bölməsindən digər xəbərlər

Daha çox