Azərbaycanlı tələbələr Rumıniya və Tacikistanda təqaüdlə təhsil alacaqlar
2024-2025-ci tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində keçirilmiş müsabiqə nəticəsində iki nəfər Azərbaycan Respublikası vətəndaşının namizədliyi Rumıniya tərəfindən müsbət qiymətləndirilib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən TED.az-a bildirilib ki, qaliblər HTP çərçivəsində Rumıniyanın Babeşa-Boyyai Universitetində iqtisadiyyat və idarəetmə və təbiət elmləri sahələri üzrə magistratura səviyyəsində təhsil alacaqlar.
Bununla yanaşı, Tacikistanın Təhsil və Elm Nazirliyi ilə Azərbaycanın Elm və Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 2018-ci il 10 avqust tarixli protokola uyğun olaraq, ilk dəfə iki nəfər Azərbaycan Respublikası vətəndaşı Tacikistanda magistratura və doktorantura səviyyələrində tam təqaüdlə təhsil almaq hüququ qazanıb.