"Gələcəyim düzgün peşə seçimindən çox asılıdır" adlı layihənin açılış mərasimi
TED.az xəbər verir ki , "Gələcəyim düzgün peşə seçimindən çox asılıdır" adlı layihənin açılış mərasimi keçirildi.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gəlmiş bu layihənin açılışında Quba rayonu Alekseyevka kənd tam orta məktəbin direktoru Quliyeva Aygün, məktəbin direktor müavini Nəbiyeva Əminə, müəllimlər və şagirdlər iştirak edib.
Layihə çərçivəsində "Gələcəyim düzgün peşə seçimindən çox asılıdır" adlı təşəbbüslə 9-11-ci sinif şagirdlərinə peşə təhsili və karyera planlaşdırması mövzularında geniş maarifləndirmə aparılacaqdır. Layihənin əsas məqsədi, şagirdlərə erkən yaşlardan peşə təhsili haqqında ilkin bilik və bacarıqlar qazandırmaq, onları doğru peşə seçimlərinə yönləndirməkdir. Layihə çərçivəsində, 15 müxtəlif peşə sahiblərinin iştirakı ilə təqdimatlar keçiriləcək, buraxılış sinifləri üçün karyera planlaması üzrə 10 təlim modulu təqdim ediləcək və peşə təhsil müəssisələrinə ekskursiyalar təşkil olunacaq. Bu fəaliyyətlər vasitəsilə şagirdlər əmək bazarının tələbləri, seçilən peşələrin özəllikləri və iş həyatına hazırlıq barədə dolğun məlumat əldə edəcəklər.
Layihənin hazırlıq mərhələsində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası ilə əməkdaşlıq qurulacaq, idarə heyəti formalaşdırılacaq və peşə təhsili sahəsində karyera məsləhətçiləri seçilərək təlimlər keçiriləcəkdir. İcra mərhələsində isə peşəkarlarla görüşlər və təlim sessiyaları təşkil olunacaq, şagirdlər müxtəlif peşə sahiblərinin real təcrübələrini dinləyərək məlumatlanacaqdır. Layihə çərçivəsində 9-cu sinif şagirdləri üçün peşə təhsil müəssisələrinə ekskursiya təşkil ediləcək, beləliklə onlar son illərdə peşə təhsilində yaradılmış imkanları və müasir avadanlıqları yaxından görmə şansı əldə edəcəklər.
Xatırladırıq ki, "Gələcəyim düzgün peşə seçimindən çox asılıdır" adlı layihə, Quliyeva Aygün Məhərrəm tərəfindən həyata keçirilir. Layihənin məqsədi, şagirdləri erkən yaşlardan peşə təhsilinə yönəltmək, onların karyera seçiminə dair biliklərini artırmaq və iş dünyası ilə məktəb arasındakı əlaqələri möhkəmləndirməkdir.