Kəlbəcərdə Külək Elektrik Stansiyasının qurulması ilə bağlı Anlaşma Memorandumu imzalanıb
COP29 çərçivəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA), “Clean Energy Invest LLC” və “Baltech Green LLC” arasında Kəlbəcər Külək Elektrik Stansiyasının inkişafına dair Anlaşma Memorandumu (MoU) imzalanıb.
TED.az xəbər verir ki, bu layihə 3100 metr hündürlükdə həyata keçiriləcək unikal bir layihədir. “Clean Energy Invest LLC” və “Baltech Green LLC” layihə çərçivəsində birgə müəssisə yaradaraq yaxın zamanda ölçmə kampaniyalarına və layihə hazırlıqlarına başlayacaq. Külək elektrik stansiyasının 200-240 MVt gücündə 2028-ci ilin əvvəlində kommersiya fəaliyyətinə başlaması gözlənilir. Ərazinin yüksəkliyinin yaratdığı unikal şərait sayəsində layihənin ümumi gücünün gələcəkdə 600 MVt-a qədər çatdırılması potensialı mövcuddur.
“Bu, Azərbaycan üçün qürurverici bir andır. Yerli özəl investorlar ölkənin enerji keçidinə töhfə verməyə hazır olduqlarını nümayiş etdirirlər”, - deyə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib.
“Baltech Green LLC”nin idarə heyətinin üzvü Volkan Gerdan vurğulayıb ki, “Baltech Group” Türkiyədə bərpaolunan enerji layihələrinin hazırlanması və idarə olunmasında uğurlu təcrübəyə malikdir. O, Kəlbəcər külək layihəsinin azad edilmiş ərazilərdə həyata keçirilməsinin şirkətin Azərbaycanın dayanıqlı inkişafına verdiyi əhəmiyyətin göstəricisi olduğunu qeyd edib.
“Clean Energy Invest LLC”nin baş icraçı direktor Xəyalə Nağıyeva bu əməkdaşlıqdan məmnunluğunu ifadə edib, layihənin regionda yaşıl iqtisadiyyat və ekoloji dayanıqlığın qurulması istiqamətində şirkətin məqsədlərinə uyğun olduğunu bildirib.
“Clean Energy Invest LLC”nin Müşahidə Şurasının sədri və AGEC-in baş icraçı direktoru Mir Camal Paşayev Kəlbəcər külək layihəsinin Azərbaycanın dekorbanizasiya və dayanıqlı inkişaf istiqamətində əhəmiyyətli bir addım olduğunu vurğulayıb.
Eyni zamanda, “Baltech Green LLC”nin idarə heyətinin sədri Bülənt Karani hər iki tərəfin bərpaolunan enerji sahəsini inkişaf etdirmək və qlobal iqlim hədəflərini dəstəkləyən ortaq öhdəliklərini bir daha təsdiqləyib.