COP29 çərçivəsində “Radiasiya və iqlim dəyişikliyi: yeni çağırışlar” mövzusunda tədbir keçirilib
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Fövqəladə Hallar Nazirliyi (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin moderatorluğu ilə “Radiasiya və iqlim dəyişikliyi: yeni çağırışlar” mövzusunda tədbir keçirilib.
TED.az xəbər verir ki, tədbirdə Fövqəladə Hallar, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı, Energetika, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Su Ehtiyatları Agentliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Nicat Əliyev ölkəmizdə nüvə və radioloji fəaliyyətin təhlükəsizliyinin təmin edilməsi, bu sahədə infrastrukturunun gücləndirilməsi, fövqəladə hallara hazırlıq, radioaktiv tullantıların təhlükəsiz idarə edilməsi, ətraf mühitin radioloji monitorinqi və qorunması istiqamətində görülən işlərdən bəhs edib.
Nicat Əliyev qeyd edib ki, Azərbaycanda nüvə və radiasiya texnologiyaları əsasən tibb, sənaye, elmi tədqiqat, sahələrində geniş tətbiq edilir. Onun sözlərinə görə, son illərdə radioloji fəaliyyətin nüvə təbabəti və kənd təsərrüfatı kimi sahələri də əhatə etməsi əhalinin həyat keyfiyyətinin artırılması istiqamətində atılmış mühüm addımlardan biridir: “Ölkəmiz radioaktiv tullantıların idarəedilməsi sahəsində qabaqcıl yerlərdən birini tutur. Radioaktiv tullantıların idarəedilməsi, onların uzun müddətli saxlanması üzrə radioaktiv mənbələrin çeşidlənməsi və emalının həyata keçirilməsinə nail olmaq üçün yüksək aktivlikli radioaktiv mənbələrlə müxtəlif əməliyyatların aparılacağı “isti kamera” quraşdırılıb. Ölkəmizdə həyata keçirilən radioloji fəaliyyətə nəzarət Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinə (FHNM, NRFTDA) həvalə edilib. Bu agentlik müvafiq insan resurslarına və texniki təminata malikdir. NRFTDA-nın fəaliyyəti AEBA ilə sıx əməkdaşlıqda həyata keçirilir”.
N.Əliyev vurğulayıb ki, ölkə ərazisinin radiasiya təhlükəsizliyinin təmin edilməsi üçün mütəmadi radiasiya fonunun və ətraf mühitin radioaktiv çirklənməsinin müşahidələri aparılır.
“AEBA-nın dəstəyi ilə havada, suda və torpaqda radionuklidlərin və radon qazının təyini üçün istifadə olunan müxtəlif qurğular, o cümlədən ölkə ərazisində avtomatlaşdırılmış onlayn radioloji erkən xəbərdarlıq monitorinqinə nəzarət sistemləri quraşdırılıb. Son illərdə ölkəmizdə ionlaşdırıcı şüalanma mənbələrinin tətbiq sahələri genişləndirilərək, nüvə təbabəti, məhsulların sterilizasiyası, kənd təsərrüfatı kimi əhəmiyyətli sahələri də əhatə etməyə başlayıb”, - deyə o qeyd edib.
Nicat Əliyev əlavə edib ki, Azərbaycanda, iqlim dəyişmələrinə səbəb olan amillərin təsirlərinin azaldılması istiqamətində də mühüm işlər görülür. COP29-un Bakıda keçirilməsi buna sübutdur: “COP29 çərçivəsində Energetika Nazirliyi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında imzalanmış Anlaşma Memorandumu ölkəmizdə nüvə texnologiyalarının tətbiqi sahəsində yeni üfüqlər açır. Enerji əldə etmək üçün nüvə enerjisindən istifadə, karbon qazı emissiyalarını azaltmağa kömək edə biləcək təmiz və etibarlı enerji mənbəyi təmin etməklə, iqlim dəyişikliklərinə təsirlərin azaldılmasında mühüm rol oynayır. Bu baxımdan nüvə enerjisi əldə etmək üçün Modul tipli Kiçik Reaktorların təmiz enerji keçidindəki potensialının təhlili çox əhəmiyyətlidir. Belə reaktorların istismar edilməsi, karbon emissiyasının sıfıra endirilməsinə töhfə verməklə, iqlim dəyişikliklərinə səbəb olan təsirlərin azaldılmasında əhəmiyyətli rol oynayacaq”.
Sonra çıxış edənlər – AEBA-nın bölmə müdiri Vey Huanq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə tədqiqatları departamentinin müdiri Cəlal Nağıyev, Kənd Təsərrüfatı Nazirliyi Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Seymur Səfərli mövzunun əhəmiyyətini qeyd edib, iqlim dəyişikliyi ilə əlaqədar nüvə və radioloji fəaliyyət sahəsində qarşıda duran məsələlərdən danışıblar.
Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.