Naxçıvanda keçirilən monitorinq imtahanlarında 8 mindən çox şagird iştirak edib
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi noyabrın 17-də şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə IX və XI siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq monitorinq sınaq qiymətləndirmə imtahanı keçirib.
Nazirliyin mətbuat xidmətindən TED.az-a bildirilib ki, monitorinq imtahanlarında muxtar respublikanın ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 8 mindən çox şagirdin iştirakı təmin olunub. İmtahanda şagirdlərə Azərbaycan və ingilis dillərinin hər birindən ayrı-ayrılıqda 30, riyaziyyat fənnindən isə 25 olmaqla ümumilikdə 85 sual təqdim olunub və 3 saat vaxt ayrılıb.
Monitorinq imtahanı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil olunub. Mərkəzin imkanlarından istifadə edilməklə IV-VIII siniflərdə ümumi, IX-XI siniflərdə isə buraxılış və qəbul imtahanları formatında olmaqla tədris ili ərzində 6 monitorinq qiymətləndirmə imtahanları təşkil ediləcək.
Monitorinq qiymətləndirmə imtahanları Dövlət proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən ödənişsiz həyata keçirilir.