AZ

Rəqəmsal tibb problemləri İnformasiya Texnologiyaları İnstitutunun prioritet istiqamətlərindəndir

 

c2ec7abdaac8ec50c28b45c7178a31d7.jpg
26.02.2025 10:20

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında “səhiyyə 4.0” mühitində əhalinin sağlamlığı observatoriyasının formalaşmasının elmi-nəzəri əsaslarının işlənməsi üzrə cari il üçün fəaliyyət planı müzakirə olunub.

 

Bu barədə TED.az-a institutdan məlumat verilib.

 

AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova fəaliyyət planını təqdim edərək rəhbərlik etdiyi şöbədə rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində yerinə yetirilməsi nəzərdə tutulan elmi-tədqiqat işləri haqqında məlumat verib.

 

Professor Məsumə Məmmədova “səhiyyə 4.0” mühitində əhalinin sağlamlığı observatoriyasının formalaşmasının elmi-nəzəri əsaslarının işlənməsi istiqamətində tədqiqatların aparılmasının nəzərdə tutulduğunu söyləyib.

 

Şöbə müdiri Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının həkimləri ilə birgə yerinə yetirilən qaraciyər xəstəlikləri üzrə müalicə-diaqnostik qərarların qəbulunu dəstəkləyən intellektual sistemin işlənməsi mövzusunda tədqiqatların bu il də davam etdiriləcəyini bildirib. Eyni zamanda, tibbi sosial media resurslarının münasibət seqmentlərindəki informasiyanın analizi və qərarların qəbulu, “səhiyyə 4.0” platformasında əhalinin tibbi demoqrafik təhlükəsizliyinin idarə olunması üçün modellərin işlənməsi ilə bağlı tədqiqatların aparılacağını qeyd edib.

 

“Rəqəmsallaşma və yaşıl keçid mühitində kənd təsərrüfatının intellektual idarə olunması üçün model və metodların işlənməsi, tibbi təsvirlər əsasında xəstəliklərin proqnozlaşdırılması üçün intellektual model və metodların işlənməsi ilə bağı araşdırmaların aparılması da cari il üzrə fəaliyyət planına daxil olan məsələlərdir”, – deyə prof. M.Məmmədova əlavə edib.

 

Məruzəçi 2025-ci ildə “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda, eləcə də Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə edilən dövri elmi nəşrlərdə çapı nəzərdə tutulan məqalələr haqqında məlumat verib. O, rəhbərlik etdiyi şöbənin beynəlxalq əlaqələri, xüsusilə rəqəmsal tibbin formalaşması və inkişafı istiqamətində GEANT Assosiasiyası ilə əməkdaşlığı barədə məlumat verib. Şöbə əməkdaşları tərəfindən Avropa Komissiyası və Avropa Təhsil Fondunun təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində keçirilən seminarlarda iştirakın nəzərdə tutulduğunu, Meksika Milli Avtonom Universiteti ilə əməkdaşlıq münasibətlərinin davam etdirildiyini söyləyib.

 

Şöbənin elmi-praktik və innovasiya fəaliyyətindən bəhs edən professor M.Məmmədova 2025-ci ildə “Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktik konfransının təşkili ilə bağlı görüləcək işlərdən danışıb. Həmçinin əməkdaşların elmi-ekspertiza və elmi-təşkilati fəaliyyəti, kadr hazırlığı, elmin populyarlaşdırılması və təbliği ilə bağlı nəzərdə tutulan tədbirləri diqqətə çatdırıb.

 

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev şöbənin fəaliyyət planı ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim süni intellekt texnologiyalarının tətbiqi ilə tibbi təsvirlər əsasında xəstəliklərin proqnozlaşdırılması istiqamətində tədqiqatların aparılmasını tövsiyə edib.

 

Cari ildə İnformasiya Texnologiyaları İnstitutunda keçirilməsi nəzərdə tutulan “Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktik konfransının əhəmiyyətini vurğulayan akademik, bu tədbirdə rəqəmsal tibbin müxtəlif aspektlərinə dair səmərəli müzakirələrin aparılacağına inamını ifadə edib. “Rəqəmsal tibb 4.0 problemləri ilə bağlı tədqiqatlar 2025-ci ildə institutun prioritet istiqamətidir”, – deyən AMEA-nın vitse-prezidenti, ölkəmizdə rəqəmsal tibb 4.0 dövlət proqramı və konsepsiyasının işlənilməsinin, eləcə də rəqəmsal səhiyyə sahəsində yüksəkixtisaslı kadr hazırlığının həyata keçirilməsinin zəruri olduğunu vurğulayıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox