AZ

 “ASAN xidmət”in “DIGIAGE BAKU 2024” rəqəmsal oyun düşərgəsi keçirilib

 

4bd61bab4c64d4d95c43ebe1284fceab.jfif
24.09.2024 16:57

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin və “Bilişim Vadisi Bakı”nın birgə təşkilatçılığı ilə “DIGIAGE - Bakı” rəqəmsal oyun düşərgəsi keçirilib.

 

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən TED.az-a verilən məlumata görə, məqsəd peşəkar mentorların iştirakı ilə istedadlı gənclərin oyun hazırlamaları və layihələrini tanıtmalarıdır. Həmçinin onlara dünya bazarına çıxmaqla bağlı təcrübə qazandırmaq və yeni təşəbbüslər irəli sürmək istiqamətində dəstək əsas hədəflərdir. Bu çərçivədə gənclər komanda işi, layihə təqdimetmə və marketinq bacarıqlarını inkişaf etdirməklə yanaşı, innovasiya və yaradıcılıqlarını təşviq edərək fərqli oyun konsepsiyaları hazırlayıblar. Eləcə də peşəkarlardan şəbəkələşmə və karyera inkişafı üçün praktiki məsləhətlər alıblar.

 

Qeydiyyatdan keçmiş 175 iştirakçı arasında seçilmiş 100 iştirakçıya 1 ay ərzində oyun studiyalarında investisiya, oyun şirkətlərində hüquqi proseslər, oyun marketinq prosesi, tərtibatı və istehsalı prosesi ilə bağlı tövsiyələr verilib.

 

Üç gün davam edən düşərgədə isə qəbul mərhələlərini tamamlayan iştirakçılar komanda və ya fərdi formada iştirak ediblər. Onlara oyun yaratma prosesində istifadə olunan ən son proqramlar, oyun inkişafının fərqli aspektləri, bu sektorda karyera imkanları barədə məlumat verilib. Tanınmış şirkət və oyun dizaynerlərinin motivasiya xarakterli hekayələri iştirakçılarla paylaşılıb.

 

Düşərgə müddətində “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov və “Bilişim Vadisi”nin baş icraçı direktoru Erkam Tüzgen düşərgədə komandaların işləri ilə tanış olublar.

 

Sonda 11 komanda hazırladıqları oyunları təqdim edərək münsiflər heyəti tərəfindən qiymətləndirilib.

 

Potensiallı hesab olunan “Untitle”, “Risee Interactive” və “Legions” komandaları ilə investisiya görüşləri davam edəcək, onlara mentorluq dəstəyi veriləcək. Bütün komandalara isə “DIGIAGE” tərəfindən mentorluq dəstəyi davam etdiriləcək.

 

Ötən il sentyabrın 7-dən 9-dək keçirilmiş ilk düşərgədə 14 komandadan müvafiq potensiallı hesab olunan 5 komandaya investisiya ayrılıb və “Bilişim Vadisi Bakı” kampusunda ödənişsiz ofis imkanları verilib. Ümumilikdə 14 komandadan 11-nə isə “Bilişim Vadisi” tərəfindən mentorluq dəstəyi verilməklə investisiya potensiallarının artırılmasına dəstək göstərilib.

 

Düşərgələr 2023-cü ildə “İnnovasiyalar Mərkəzi” və “Bilişim Vadisi Bakı” arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən təşkil olunur. Məqsəd texnoloji bacarıqların birgə inkişaf etdirilməsi, təlimlərin keçirilməsidir. Eyni zamanda, ölkəmizdə innovativ həllərin tətbiqinə və inkişafına təkan verəcək hakaton, butkamp modeli əsasında layihələrin birgə hazırlanması prioritetlərdir.

 

Qeyd edək ki, tədbirin sponsorları “PAŞA Holdinq” və “OBA Marketlər” şəbəkəsi, tərəfdaşı “Code Academy”, dəstəkçisi “Smart Hotels Group” və “Mama’m Bakery”, media tərəfdaşı ASAN Radio, ASAN TV və Tech.az-dır.

TED + bölməsindən digər xəbərlər

Daha çox