AZ

Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək

 

569630ec4abb46d6f26e9140b83dbc2f.jpg
24.09.2024 17:20

Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə oktyabr 24-25-də Bakı Ekspo Mərkəzində Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək.

 

Nazirlikdən TED.az-a bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı gənclərin aşkara çıxarılmasıdır. Həmçinin COP29-un Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll və layihələrin hazırlanmasının təşviq edilməsi festivalın başlıca vəzifələrindəndir.

 

Artıq 4-cü dəfə keçirilən STEAM Azərbaycan Festivalında (SAF 2024) 8 yarış və 1 sərgi-yarış (Yaşıl təşəbbüslər) təşkil olunacaq. Kateqoriyalara “H2 Grand Prix PRO”, “FlyTech”, “CubeSaT”, “VEX IQ Competition”, “VEX Robotics Competition”, “VidX”, “Engineers of Future”, “Green initiatives” və “Green Coding” daxildir.

 

Festivalda yerli komandalarla yanaşı, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya, ABŞ və digər xarici ölkə komandaları da yarışacaqlar.

 

Qeyd edək ki, STEAM təhsil metodu 5 əsas fənnin birgə təşkilidir. Bu metod elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art) və riyaziyyatı (Math) inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.

TED + bölməsindən digər xəbərlər

Daha çox