AZ

Şabranda təsərrüfatların 70 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

 

95d2d888812cf501450b5cacfe66be7b.jpg
27.06.2024 18:40

“Onlayn Azərbaycan” layihəsi çərçivəsində “Aztelekom” MMC Şabran rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.

 

“Aztelekom” MMC –dən TED.az-a bildirilib ki, Şabran şəhərində şəbəkənin tikintisi başa çatdırılıb. Şəhər mərkəzində 5989 təsərrüfatdan 2334 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır.

 

Rayonun Dəvəçikənd, Surra, Taxtalar, Sincanboyad, Dəvəçi, Mollakamallı, Ağalıq, Daşlıyataq, Söhbətli, Ağbaş kəndlərində 4557 təsərrüfat üçün şəbəkənin tikintisi başa çatdırılıb. Ümumilikdə isə rayonda mövcud təsərrüfatların 70 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib. Hazırda rayon ərazisində 3459 təsərrüfat GPON xidmətlərindən yararlanır və yeni qoşulmalar davam etdirilir.

 

GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (40 Mbit/s-dən 100 Mbit/s-dək) internet paketləri (internet, internet + telefoniya, internet + televiziya, internet + telefoniya + televiziya) təklif olunur. Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 48 AZN-dək dəyişir.

 

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı Mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə, həmçinin www.aztelekom.az saytı vasitəsilə müraciət edə bilərlər.

 

Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksək sürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

 

Ümumilikdə, 2,49 milyona yaxın təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 85 faizini təşkil edir.

 

 

 

TED + bölməsindən digər xəbərlər

Daha çox